"Bələdiyyə platformasını siyasi rəqabət meydanı hesab edərək mübarizə aparmaq istəyən insanların niyyətləri qərəzlidir. Bələdiyyə üzvü seçilib 5 il müddətində digər partiya və ya partiyaların namizədləri ilə mübarizə aparacağınızı hesab edirsinizsə, yanılırsınız. Seçkidən sonrakı proseslər ancaq seçildiyiniz şəhər və ya kəndin rifahı üçün əlinizdə toplanan vəsaiti xərcləmək olur. Nəzərə alsaq ki, bu məbləğ ancaq iri şəhərlərdə və Bakının rayonlarında müəyyən məbləğ təşkil edir, bu da bələdiyyə işçilərinin zəhmət haqqına, müxtəlif yardımlara, artıq olduqda isə əksərən müvafiq ərazinin abadlığına xərclənir. Burda siyasi mübarizə üçün meydan yoxdur".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, seçkinin legitimliyinin şübhə altına alınması üçün cəhdlər köhnə stereotiplərin təzahürüdür:
"Məsələnin mahiyyətini seçki fonunda yanlış istiqamətə yönəltməkdir. Ölkədə keçirilən bütün seçkilərin sonunda baş verən qərəzli proseslərdir. Məsələ ondadır ki, burda başqa xalqın nümayəndəsi yoxdur. Seçkidə iştirak edən namizədlər də, seçicilər də, seçki prosesini idarə edənlər də bizim xalqın nümayəndələridir. Məqsəd kimin seçilməsindən asılı olmayaraq bu seçkidə mahiyyəti üzrə layiq görülən insanların öz işlərinin öhdəsindən layiqlə gəlməsidir. Hesab edirəm ki, buna da nail olunur. Kimlərinsə buna başqa don geyindirmək cəhdləri onların öz müvəffəqiyyətsizliklərinin nəticəsidir. Əgər nəticə varsa, buna ancaq sevinmək lazımdır".
Süleyman