"Azərbaycanla Ermənistan arasında müzakirəsi davam etdirilən sülh sazişi layihəsində razılaşdırılmamış iki maddədən birinin məhz sərhəddəki üçüncü qüvvələrlə bağlı olduğu hər kəsə məlumdur. İndiki məqamda isə həmin "üçüncü qüvvə" rolunda çıxış edən əsas tərəf isə Avropa İttifaqının (Aİ) Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistana aid hissəsində fəaliyyət göstərən dırnaqarası "mülki" müşahidə missiyasıdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxış və müsahibələrində dəfələrlə bildirib ki, Aİ-nin sözügedən yarımhərbi müşahidəçiləri sərhəd bölgəsindən çıxarılmalıdır. Lakin əfsuslar olsun ki, həm Brüssel, həm də İrəvan Ermənistan üçün "təhlükəsizlik çətiri" kimi nəzərdə tutulan Aİ missiyasının müddətinin uzadılması xəttini seçdilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Avropa İttifaqı ölkələrinin səfirlərinin ötən gün Brüsseldə keçirilən toplantısında qurumun Ermənistandakı müşahidəçi missiyasının müddətinin uzadılmasına qərar verilib:
"Missiyanın daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsi təsdiq edilib. Bununla bağlı yayılan rəsmi açıqlamada bildirilir ki, missiyanın müşahidə zonası Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq. Bu da o deməkdir ki, Aİ-nin casus missiyasının tez-tez durbinlərlə müşahidə etdiyi sərhədlərimiz boyunca Ermənistan ordusunun təxribatları bundan sonra da davam edəcək. Deməli, qarşıdakı iki il ərzində yekun sülh sazişinin imzalanması da yenə də ləngidiləcək və sabotaj ediləcək".
Komitə sədri deyib ki, Aİ-nin mülki missiyası sülhyaratma missiyası deyil, sabotaj missiyası rolunda çıxış edir:
"Bu baxımdan, Aİ missiyasının fəaliyyət müddətinin daha 2 il uzadılması sözsüz ki, Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərəcək və sülh danışıqlarını tormozlayacaq. Sülh danışıqları süründürməçi prosesə çevriləcək. Rəsmi İrəvan buna getməməliydi. Çünki regionda kənar oyunçuların mövcudluğu sülhə yox, eskalasiyaya zəmin yaradır. Ermənistan rəhbərliyi Aİ-nin qeyri-qanuni missiyasını prosesə cəlb etmək əvəzinə, Azərbaycanla birbaşa danışıqlar prosesinə üstünlük verməli, ikitərəfli format üçün etimad mühiti yaratmalıdır. Üçüncü tərəflərin sülh prosesinə fayda verməyəcəyi artıq tam bəllidir. Ona görə də rəsmi Bakı haqlı olaraq Aİ missiyasının müddətinin uzadılmasını qəbuledilməz hesab edir. Ermənistan Brüsselin bu qərarına "yox!" deməməklə sülh prosesinə növbəti dəfə ağır zərbə vurdu. Bu səhvin bədəlini də Ermənistan özü ödəyəcək".
Süleyman