Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçirilib

Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçirilib


Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə keçirilib. Tədbiri açan komitə sədri Əhliman Əmiraslanov bu dinləmənin keçirilməsi üçün göstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.

Newscenter.az -ın xəbərinə görə, giriş sözü ilə çıxış edən komitə sədri bildirib ki, Prezident İlham Əliyevin dəstəyi və qayğısı sayəsində Azərbaycan səhiyyəsi inkişaf edir, onun maddi texniki bazası, kadr potensialı genişlənir. Qeyd olunub ki, ölkə səhiyyəsinə vəsait qoyuluşu da ilbəil dinamik olaraq artmaqdadır. 2025-ci ildə bu rəqəm üç milyard manata çatıb. Əhaliyə göstərilən tibbi xidmətlərin həm keyfiyyətində, həm də kəmiyyətindəki ciddi yüksəlişdən, həmçinin icbari tibbi sığortanın tətbiqindəki uğurlardan danışan komitə sədri bildirib ki, bu gün müzakirə ediləcək ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülüb, uğurlar əldə edilib.

Sonra çıxış edən səhiyyə naziri Teymur Musayev müstəqillik illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə sektorunda da davamlı olaraq islahatların həyata keçirildiyini vurğulayıb. O bildirib ki, möhtərəm cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı, onun sağlamlığının qorunması dayanır. Qeyd edilib ki, son 20 ildə səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb. Eyni zamanda, 700-dən artıq tibb müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bunların 70%-dən çoxu regionlarda yerləşən tibb müəssisələrinin payına düşür.

Teymur Musayev qeyd edib ki, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyeva daim insanların sağlamlığına xüsusi həssaslıqla yanaşır, müxtəlif sosial layihələrin təşəbbüskarı və dəstəkçisidir. Son 20 ildə qan xəstəlikləri ilə mübarizə tədbirləri gücləndirilərək talassemiyadan ölüm sayının 5 dəfə azalmasına nail olunub. 2023-cü ildə Azərbaycan malyariyadan tam azad ölkə kimi qeydiyyatdan keçib. 2021-ci ilin aprel ayından etibarən ölkəmizin bütün ərazilərində icbari tibbi sığortanın tətbiqi əhalinin bir sıra tibb xidmətlərinə əlçatanlığını mühüm dərəcədə artırıb. Son illərdə tətbiq olunan icbari tibbi sığorta ilkin tibbi sanitariya yardımına yenidən baxılmasını, onun təkmilləşdirilməsini zəruri edir. Nazir Azərbaycan Respublikasında ilkin səhiyyə sisteminin təşkilinə tarixi, iqtisadi və sosial kontekstdən yanaşmanın vacibliyini vurğulayıb. O, inamla bildirib ki, bu sahədə qarşılıqlı fəaliyyət sayəsində ölkəmizdə müasir səhiyyə sisteminin tələblərinə cavab verən ilkin tibbi sanitariya xidmətini əhalimizin istifadəsinə verə biləcəyik.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev çıxışında bildirib ki, icbari tibbi sığortanın tətbiqinin əsas məqsədi insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, əhalinin sağlamlığını yüksəltməkdir. Qeyd olunub ki, ilkin səhiyyə xidməti əhalinin tibbi xidmətlərə əlçatanlığının təşkilində çox böyük rol oynayır. Agentliyin sədri bildirib ki, bizim üçün ən vacib məsələ yaşadığı regiondan asılı olmayaraq əhalimizin bərabər şəkildə tibbi xidmətlərə əlçatanlığının təmin olunmasıdır. İlkin səhiyyə xidmətinin insanların səhiyyə xidmətləri ilə daha keyfiyyətli şəkildə təmin olunmasında böyük əhəmiyyət daşıdığını vurğulayan Zaur Əliyev bu sahədə çalışanların bilik və bacarıqlarının qiymətləndirilməsi, inkişaf etdirilməsi və peşəkarlığının təmin olunması ilə bağlı görülən işlərdən danışıb.

Agentlik sədri ilkin səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinin aktual məsələləri, o cümlədən regionlarda tibb məntəqələrinin yenidən qurulması, onların tibbi heyətlə təmin olunması ilə bağlı fikirlərini bölüşüb.

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova tədbirdə ilkin tibbi-sanitariya yardımının (İTSY) əsas prinsipləri barədə ətraflı məlumat verib. O, bildirib ki, ilkin tibbi-sanitariya yardımı 3 əsas prinsip - əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, əhalinin keyfiyyətli İTSY-ə bərabər çıxış imkanlarının yaradılması, həmçinin səhiyyə sisteminin iqtisadi səmərəliliyinin artırılması üzərində qurulub.

O, qeyd edib ki, ilkin tibbi-sanitariya yardımına əlçatanlığın təmin edilməsi vətəndaşın yaşayış coğrafiyasından asılı olmayaraq İTSY-ə çıxış imkanının, o cümlədən tibb məntəqəsi, həkim məntəqəsi, poliklinika, səyyar xidmət, teletibb xidməti, həmçinin patronaj xidməti, evə aktiv gedişlər və evə çağırışın təmin edilməsi ilə mümkündür. Səhiyyə sisteminin iqtisadi səmərəliliyinin artırılması İTSY-nin gücləndirilməsini labüd edir.

Həmçinin bildirilib ki, ilkin tibbi-sanitariya yardımının kadr təminatı, o cümlədən “Ailə Həkimi” rezidentura proqramının müddətinin və qəbul şərtlərinin yenilənməsi, baza tibb təhsili əsasında İTSY müəssisələrində çalışma imkanı, həmin müəssisələrdə çalışan tibb işçilərinə kəmiyyət və keyfiyyət göstəriciləri əsasında bonusların verilməsi, təhkim edilmiş əhalinin xüsusiyyətləri və coğrafi şərait nəzərə alınaraq əmək haqlarına əlavələrin verilməsi ilə bağlı təkliflər irəli sürülüb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev isə təqdimatında Azərbaycanda tibbi xidmətlərin təhlili ilə bağlı məlumatları diqqətə çatdırıb. O, Azərbaycanda ilkin səhiyyə xidmətində kadr çatışmazlığının aradan qaldırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və digər istiqamətlərdə aparılan işlərdən danışıb.

Dinləmədə parlamentin komitə sədrləri Hicran Hüseynova və Musa Quliyev, deputatlar Rəşad Mahmudov, Soltan Məmmədov, Səyyad Salahlı, Məlahət İbrahimqızı, Razi Nurullayev, Fatma Yıldırım, İlham Məmmədov, Pərvanə Vəliyeva, Müşfiq Məmmədli, Tamam Cəfərova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini Zəhra Vəzirova çıxış ediblər. Çıxışçılar ilkin səhiyyə xidmətinin kadr təminatı, bu xidmətə qəbul şərtlərinin yenilənməsi, İTSY müəssisələrində çalışan tibb işçiləri üçün stimullaşdırıcı tədbirlərin nəzərdə tutulması, həmçinin mövcud qanunvericilik bazasının bugünkü tələblərə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.

Səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Agentliyin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev dinləmədə qaldırılan məsələlərə münasibətlərini bildiriblər, səsləndirilən sualları cavablandırıblar.

Tədbirdə Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, ali təhsil müəssisələrinin, tibb müəssisələrinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Süleyman
Xəbəri paylaş