Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar Tədqiqatlar Mərkəzində keçən il 22 tədqiqat aparılıb

Aqrar Tədqiqatlar Mərkəzində keçən il 22 tədqiqat aparılıb


Aqrar Tədqiqatlar Mərkəzinin Fəaliyyət Planına uyğun olaraq 2024-cü ildə 5 istiqamət üzrə - məlumat bazalarının yaradılması, elmi tədqiqatlar, diaqnostika və təhlil, monitorinq və qiymətləndirmə və doktorantura təhsili sahələrində işlər uğurla davam etdirilib.

Newscenter.az quruma istinadən bildirir ki, Mərkəzdə 2024-cü ilin Fəaliyyət Planı üzrə 31 tədbirin 27-si tam və ya qismən icra olunub.

Elektron Sənəd Dövriyyəsi Sistemi (ESDS) üzrə daxil olmuş 103 tapşırığın icrası təmin edilib.

2024-cü ildə də Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən beynəlxalq təcrübədə istifadə olunan metodikalar əsasında aqrar siyasətin nəticələri ilə bağlı monitorinq və qiymətləndirmə işi davam etdirilib. Kənd təsərrüfatı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrasına, həmçinin Milli Fəaliyyət Planı və digər strateji siyasət sənədləri ilə bağlı görülmüş işlərə dair hesabatlar hazırlanıb. Ümumilikdə kənd təsərrüfatının müxtəlif alt-sahələrinə dair müvafiq göstəricilərin (əkin sahəsi, istehsal həcmi, məhsuldarlıq, idxal-ixrac, eləcə də dünya üzrə istehsal və ticarət göstəriciləri) əks olunduğu 1130 hesabat, arayış, məlumat, icmal hazırlanıb, sorğular cavablandırılıb, müxtəlif sənədlərə rəy və təklif verilib. O cümlədən, ilin əvvəlində nəzərdə tutulmamış işlərə dair 106 arayış və rəy-təklif, hazırlanıb, Fəaliyyət Planı üzrə 22 tədqiqat işi aparılıb.

Aqrar Tədqiqatlar Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olan məlumat bazalarının yaradılması və təkmilləşdirilməsi işi 2024-cü ildə də davam etdirilib.

Mərkəzin Fəaliyyət Planına uyğun olaraq Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi çərçivəsində sorğular, fermerlərin məhsul bazarına çıxışına və istehsal resurslarına əlyetərliliyinə dair monitorinq çərçivəsində sorğular, dəyər zənciri üzrə diaqnostik təhlillər çərçivəsində fermerlər, emalçılar, ticarətçilər və ixracatçılar arasında sorğular keçirilib. Ümumilikdə ötən il Mərkəzin sorğu qrupu tərəfindən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 12495 respondent arasında sorğular keçirilib.

2024-cü ildə Mərkəzdə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 1 nəfər, dissertanturaya 2 nəfər, elmlər doktoru proqramı üzrə doktoranturaya isə 3 nəfər qəbul olunub. Ümumilikdə 2024-cü ildə Mərkəzdə fəlsəfə doktoru proqramı üzrə doktoranturada 13 nəfər, dissertanturada 9 nəfər, elmlər doktoru proqramı üzrə doktoranturada 14 nəfər yüksək ixtisaslı kadr hazırlığı keçib və hər biri təsdiq olunmuş mövzu üzərində elmi-tədqiqat işi yerinə yetirməkdədir.

2024-cü ildə elmi fəaliyyətin təşkili üzrə görülən işlər çərçivəsində Mərkəzin əməkdaşları, doktorant və dissertantları tərəfindən 40-ı yerli, 22-si xarici, o cümlədən 9-u “Scopus” bazasında olan jurnallarda olmaqla ümumilikdə 62 məqalə və tezis dərc etdirilib.

Həmçinin il ərzində Mərkəzin əməkdaşları tərəfindən 60 dissertasiya işinə elmi rəylər verilib, 4 dissertasiya işinin müzakirəsi təşkil olunub.

2024-cü ildə Mərkəzin bir əməkdaşı dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Hesabat ilində Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd təsərrüfatının iqtisadiyyatı” elmi-praktik jurnalının 2 sayı çap olunub. Bu saylarda ümumilikdə 5-i xarici müəllif, 4-ü Mərkəzin əməkdaşı, 5-i isə Mərkəzin doktorant və dissertantları olmaqla ümumilikdə 26 müəllifin 19 məqaləsi dərc olunub.

“Kənd təsərrüfatının iqtisadiyyatı” jurnalının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində xüsusi buraxılışı hazırlanıb.

Eləcə də COP29-un ilk günündə Kənd Təsərrüfatı Nazirliyinin “Yaşıl Zona”da fəaliyyət göstərən pavilyonunda Aqrar Tədqiqatlar Mərkəzinin stendi təşkil olunub. Stenddə Mərkəzin fəaliyyətini əks etdirən materiallar sərgilənib, müxtəlif təqdimatlar edilib. Ümumilikdə Mərkəzin rəhbərliyi COP29-la bağlı 24 tədbirdə iştirak edib, panel müzakirələrə qatılıb, çıxışlar edib.

2024-cü ildə Mərkəzin kənd təsərrüfatı sahəsində istehsal, ixrac və dövlət dəstəyi göstəricilərinin əks olunduğu “Kənd təsərrüfatı” aylıq informasiya bülleteni, aylıq “Kənd təsərrüfatı və ərzaq məhsulları üzrə dünya bazar konyunkturasına dair Qısa İcmal” hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Mərkəzin saytında Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə bağlı 515 yazı (azərbaycan və ingilis dillərində) dərc olunub, “Facebook” səhifəsində Kənd Təsərrüfatı Nazirliyinin, həmçinin ATM-in fəaliyyəti ilə bağlı 1172 paylaşım (azərbaycan və ingilis dillərində) edilib.

Aqrar Tədqiqatlar Mərkəzinin institusional potensialının gücləndirilməsi və təşkilati tədbirlər çərçivəsində Mərkəzin 17 əməkdaşı il ərzində 17 beynəlxalq və yerli təlim, seminar və konfransda iştirak edib, o cümlədən müxtəlif təlim və təhsil proqramları çərçivəsində xarici ölkələrdə təcrübə keçiblər.

Süleyman
Xəbəri paylaş