Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQC 2024-cü ilin ən fəal assosiasiyası seçilib

AQC 2024-cü ilin ən fəal assosiasiyası seçilib


Nizami Kino Mərkəzində “Biznes Mərkəzi Klubu” tərəfindən müxtəlif nominasiyalar üzrə 2024-cü ilin ən yaxşılarının seçildiyi mükafatlandırma mərasimi keçirilib. Sorğulara əsasən, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti “İlin ən fəal assosiasiyası” nominasiyası üzrə təltif edilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 2024-cü ili aktiv fəaliyyətlə başa vurduğu qeyd olunub, əldə etdiyi uğurlardan söz açılıb. Bu istiqamətdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin ölkədə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun qəbul edilməsi prosesində müstəsna xidmətləri, həmin Qanun əsasında Qiymətləndiricilər Palatasının formalaşdırılması və qiymətləndiricilərin ixtisas imtahanlarının keçirilməsi xüsusi vurğulanıb. Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının təsis edilməsi, Türkiyə, Rusiya, Belorusiya, Orta Asiya türk dövlətləri ilə ikitərəfli münasibətlərin yüksək səviyyədə qurulması, dövlət-özəl sektor platformasında fəal iştirak xüsusi olaraq qeyd olunub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mükafatlandırma mərasimində çıxışı zamanı Cəmiyyətin öz fəaliyyəti dövründə son üç ildə ən aktiv və uğurlu mərhələyə qədəm qoymasından danışıb. Vüqar Oruc qeyd edib ki, Azərbaycanda sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq assosiasiyaların fəaliyyətinə xüsusi önəm verilir. “Biz də həmin prinsipləri əsas götürərək öz assosiasiyamızı daha da inkişaf etdirmək xəttini tutmuşuq”, - deyə V.Oruc vurğulayıb.

V.Oruc belə möhtəşəm tədbirin keçirilməsinə və Cəmiyyətin fəaliyyətinin qiymətləndirilməsinə görə, “Biznes Mərkəzi Klubu”nun sədri Rüfət Nadirliyə və təşkilatçı komandaya öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tədbirdə mükafata layiq görülən yeganə assosiasiya olub.

Xatırladaq ki, AQC Azərbaycanda fəaliyyət göstərən qiymətləndirmə şirkətlərini və müstəqil qiymətləndiriciləri özündə birləşdirir və 1998-ci ildən fəaliyyət göstərən ölkəmizin ilk assosiativ təşkilatlarından biridir. Vüqar Oruc 20.05.2022-ci il tarixində VII hesabat-seçki konfransında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib. AQC Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsində ölkəmizi təmsil edir, Azərbaycanda qiymətləndiricilərin birləşdiyi yeganə assosiasiyadır. AQC-nin təşəbbüsü ilə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası təsis edilib və AQC sədri Vüqar Oruc sözügedən qurumun prezidentidir.

Süleyman
Xəbəri paylaş