ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

COVID testi "neqativ" çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

8-08-2020, 19:50



Newscenter.az.8.08.2020. "Azərbaycan Hava Yolları"nın xüsusi reysləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşmək üçün sərnişinlər uçuşdan 48 saat əvvəl Bakı şəhərində yerləşən klinikalardan birində koronavirus (COVID-19) testindən keçməlidirlər. Yalnız nəticəsi "neqativ" olan şəxs xarici ölkəyə uça bilər.

AZAL saytında həmin klinikaların siyahısı da göstərilib:

Referans Laboratoriyası
“Leyla Medical Center” Klinkası
Memorial Klinikası
“Bona Dea” Xəstəxanası
Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi
Caspian International Hospital
“UltraLAB” Laboratoriyası
İNCİ Laboratoriyası
Baku Clinic (Bakı filialı)
Baku Clinic (Sumqayıt filialı)
Bakı Sağlamlıq Mərkəzi
Mərkəzi Neftçilər Xəstəxanası
Qeyd edək ki, aviaşirkət yalnız PCR testi əsaslı arayışları qəbul edir.

Testin nəticəsinin "neqativ" olması məmnunluğu ilə xarici ölkəyə səfər edən şəxslər isə digər problemlə üzləşirlər. Azərbaycan dilində təqdim olunan test nəticəsini əcnəbilər oxuya bilmir və düşdüyü ölkədə vətəndaşlarımız uzun-uzadı izahatlar verməyə məcbur qalır, lazımsız başağrısı keçirir. Artıq bir neçə nəfər belə halla rastlaşdığından “Report” qeyd olunan klinikalara sorğu ilə müraciət edib.

Məlum olub ki, “Referans Laboratoriyası” və “Leyla Medical Center” Klinikası tərəfindən analiz nəticəsi Azərbaycan dilində, üzərində arayış isə ingilis dilində təqdim edilir.

Digər 2 klinikada - Memorial Klinikası və “Bona Dea” Xəstəxanasında analiz cavabları Azərbaycan dilində verilir. Pasiyentin istəyinə uyğun olaraq tərcümə lazım olarsa, ingilis dilində də arayış təqdim olunur. Lakin bununla bağlı vətəndaşa məlumat verən lövhə yoxdur və yaxud əlavə məlumat verilmir. Bu səbəbdən, xaricə gedən şəxslər bu klinikalara müraciət edərkən test cavablarının ingilis dilində də təqdim olunmasını tələb etməlidirlər.

Sadalanan bu klinikalardan fərqli olaraq, digərləri heç arayışı belə ingilis dilində təqdim etmək üçün özlərinə əziyyət vermirlər.

Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi, Caspian International Hospital, “UltraLAB” Laboratoriyası, İNCİ Laboratoriyası və Mərkəzi Neftçilər Xəstəxanasında hesab edirlər ki, vətəndaş özü getdiyi ölkədə qarşılaşacağı problemi əvvəlcədən proqnoz etməli və analiz cavabını haradasa tərcümə etdirib təsdiq etdirməlidir. Bu “ASAN xidmət"də də ola bilər, hər hansı notariat kontorunda da. Bu klinikalardan bildirdilər ki, onların möhürü istənilən xarici ölkədə tanınmalıdır.

Klinikalarımızın özünəinam hissinin belə yüksək səviyyədə olması sevindiricidir, lakin hansısa işi ilə bağlı təcili olaraq xarici ölkəyə səfər edən vətəndaş orada fərqli mənzərə ilə rastlaşır. Ondan həmin ölkənin dilində olmasa da, heç olmasa ümumi qəbul olunmuş ingilis dilində arayışın təqdim edilməsi istənilir.

“Baku Clinic”ə də dəfələrlə zəng etməyimizə baxmayaraq, dəstəyi qaldıran olmadı. “Bakı Sağlamlıq Mərkəzi”ndə isə vəziyyət daha gülməlidir - əlaqə üçün təqdim olunan nömrə başqa bir fiziki şəxsə satılıb.

Bu gün hər bir klinikanın müasir avadanlıqlarla təchiz olunduğunu və həmin avadanlığın son nəsil kompüter proqramları ilə idarə edildiyini hər kəs bilir. Belə olan təqdirdə sual yaranır: xaricə səfər edəcəyini bildirən pasiyentə soruşmadan analiz cavablarını 2 dildə çap edib vermək nə çətin işdir ki? Səfərə hazırlaşan insanı aldığı test cavabını digər instansiyalara aparıb tərcümə və təsdiq etdirməsi qayğısından azad etmək eləmi çətin işdir?

Oxşar xəbərlər
SON XƏBƏRLƏR