
“Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də baş tutan telefon danışığı Bakı–Vaşinqton münasibətlərinin müsbət dinamika ilə inkişafının əyani sübutudur və bu telefon danışığı xüsusilə regionun gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov deyib. İki ölkə liderinin telefon danışığı zamanı söhbətin əsas mövzularını Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması istiqamətindəki mövcud vəziyyət, eləcə də Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın inkişafı, xüsusilə də regioal nəqliyyat imkanlarını genişləndirməsi olduğunu deyən millət vəkili, telefon danışığının Vaşinqton Bəyannaməsinin imzalanmasının birinci ilinə təsadüf etməsini də xüsusi vurğulayıb. İlham Məmmədov qeyd edib ki, həm Amerika-Azərbaycan münasibətləri, həm də regionun gələcəyi baxımından önəmli olan bu danışıqlar, eyni zamanda hər iki istiqamət üzrə yeni mərhələnin başlanğıcı kimi xarakterizə edilə bilər:
“Bildiyiniz kimi, bir il əvvəl – 8 avqust 2025-ci ildə – Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə görüşmüş, tərəflər arasında Birgə Bəyannamə imzalanmışdı. Həmin görüş Azərbaycan–ABŞ münasibətlərində də yeni mərhələnin əsasını qoyan hadisələrdən biri olmuşdu. Məhz Vaşinqton görüşündən sonra Vaşinqton-Bakı münasibətləri keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Son dövrlərdə cərəyan edən hadisələrə nəzər yetirdikdə görürük ki, Azərbaycan və ABŞ arasında münasibətlər təkcə ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional proseslər kontekstində inkişaf edir. Bütün bunlarla yanaşı, Vaşinqton Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında oynadığı rolu yüksək qiymətləndirir və Bakının sülh təşəbbüslərinə dəstək nümayiş etdirir. Elə Ağ Ev rəhbəri ilə Cənab İlham Əliyev arasında baş tutan telefon danışığı da bu dəstəyin ifadəsidir”.
Millət vəkili onu da qeyd edib ki, telefon danışığı zamanı diqqət çəkən istiqamətlərindən biri TRIPP layihəsi ilə bağlı oldu:
“Bildiyiniz kimi, “Trump Route for International Peace and Prosperity” – Sülh və Rifah üçün Tramp Beynəlxalq Marşrutu – Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının inkişafını nəzərdə tutur. Layihənin əhəmiyyəti yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması ilə məhdudlaşmır. Daha geniş perspektivdə TRIPP Cənubi Qafqazı Xəzər hövzəsi, Mərkəzi Asiya, Türkiyə və Avropa ilə birləşdirən daha geniş nəqliyyat və logistika şəbəkəsinin elementinə çevrilə bilər”.
Süleyman











































