ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Xalqımızın halal haqqı

24-09-2020, 15:19



Newscenter.az.24.09.2020. 30 ilə yaxındır ki, Vətənimiz fitnəkar Ermənistan tərəfindən başladılan, ildən-ilə qəsdən daha da mürəkkəbləşdirilən Dağlıq Qarabağ probleminin beynəlxalq normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həlli uğrunda mübarizə aparır. Təssüf ki, məkirli düşmənin qeyri konstruktiv davranışları bu çətin düyünün çözülməsinə imkan vermir, Azərbaycan dövlətinin sülh təşəbbüsləri təcavüzkarların, eləcə də Qarabağda alovlanan münaqişə ocağını körükləyən xarici qüvvələrin təqsiri üzündən reallaşa bilmir. İstər ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində, istərsə də son 15 ildə dövlətimiz sözün gerçək mənasında Qarabağın azadlığı məsələsini ölkəmizin bir nömrəli məsələsi elan etmişdir.

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünya miqyasında apardığı ən yüksək səviyyəli danışıqlar, həlledici kürsülərdən etdiyi çağırışlar bir an belə ara verməmiş, erməni yalanlarını ifşa etmiş, əsl həqiqəti, onun həllinin yeganə yolunu göstərmişdir. Tarixdə ilk dəfə məhz İlham Əliyev tərəfindən işğalçıların yırtıcı siması dünyaya tanıdılmış, onların aqressor olduğu beynəlxalq arenada sübut edilmişdir. Vətənimizin ərazi bütövlüyünün tam təminatı üçün görülən tədbirlər göz qabağındadır. 20 ilə yaxın bir dönəmdə milli ordumuz qatbaqat güclənmiş, texniki, siyasi, mənəvi-psixoloji üstünlüyə yetişmişdir. Əgər Ali baş komandanın əmri olarsa, düşməni əzəli və əbədi torpaqlarımızdan qovub çıxarmaq hünəri yalnız ordumuzun deyil, eyni zamanda bütün xalqımızın inandığı reallıqdır. Bu onun nəticəsidir ki, çətin, məsuliyyətli illərdə xalqla dövlət birlikdə olmuşdur.

Dövlət başçımız xalqa bəyan etmişdir ki, Azərbaycan sülh istəyir, sabit sülhə nail olmaq üçün isə hərtərəfli qüdrətə malik, güclü Azərbaycan olmalıdır. Bunu dünya da etiraf edir ki, bu gün Azərbaycan dünyanın ən yaşamalı, inkişaf etmiş, yüksək səviyyəli vətəndaş cəmiyyətinin təşəkkül tapdığı ölkələr sırasındadır. Azərbaycan özündən asılı olmayaraq yaradılmış problemlərlə üzləşsə də inkişaf yolundan bir addım geri çəkilmir, daim məqsədyönlü şəkildə irəliləyir.

Bəli, dövlətimiz ərazi bütövlüyünü bərpa etmək, düşməni qısa müddətdə yerində oturtmaq qüdrətinə sahibdir. Bunu Azərbaycan dövlətinin başçısı dünyaya bəyan edir. Bunu Ermənistan da yaxşı bilir, lakin yerində dinc oturmur. Son zamanlar sərhəd bölgələrində düşmənin törətdiyi təxribatlara layiqli cavab verməyin məqamı yetişmişdir. Düşməni əzməkdən, torpaqlarımızı son qarışına qədər azad etməkdən başqa bir yolun qalmadığı hər kəsə aydındır. Düşmənlə mübarizədə xalqla dövlətin birliyini son dönəmin hadisələri, insanların hətta pandemiya təhlükəsinə məhəl qoymadan sakit, təmkinli şəkildə toplaşaraq öz sözünü deməsi, gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəlişi bir daha sübut etdi. Xalq bir nəfər kimi Azərbaycan dövlətinin, şəxsən Ali baş komandanın qətiyyətli qələbə çağırışlarını böyük ruh yüksəkliyi ilə dəstəkləyir.

Xalqımızın, xüsusən gənc nəslin son hadisələrdə nümayiş etdirdiyi təmkin, təxribatlara uymadan, hadisələrə emosiasız, real münasibəti həm də psixoloji dayanıqlılığın səviyyəsini göstərdi. Bu o deməkdir ki, bütövlükdə xalqımız düşmənlə mübarizəyə psixoloji cəhətdən tam hazırdır. Bu o deməkdir ki, biz bütün nöqteyi-nəzərdən öz torpaqlarımızı son qarışına qədər azad etməyə qadirik və bu bizim ən böyük istəyimizdir.
Öz torpağı üzərində azad, dinc yaşamaq, heç bir təcavüz təhlükəsi hiss etmədən qurub-yaratmaq, inkişaf etmək xalqımızın halal haqqıdır!

"LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri,

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri Təranə Paşayeva

Oxşar xəbərlər
SON XƏBƏRLƏR