Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xoş məramlar carçısı



Newscenter.az.24.11.2020. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatının (İSESCO) Xoşməramlı səfiri adına layiq görülməsinin 14 ili tamam olur.

Azərbaycan Respublikasının beynəlxalq aləmdə mədəni-humanitar münasibətlərinin möhkəmlənməsində İSESCO ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlığın möhkəmlənməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Mehriban Əliyeva Azərbaycanın zəngin elm, mədəniyyət, tarixi-dini abidıələrimizin beynəlxalq miqyasda geniş təşviqi və tanıdılmasında mühüm rol oynamış, o cümlədən islam ölkələrinin maddi-mənəvi-dini irsinin qorunmasında xüsusi fəallığı ilə seçilmişdir.

Onun dünya mədəni irsinə verdiyi əvəzsiz töhfələr bəşəriyyətin hər bir üzvünə məlumdur, əvəzolunmaz istedadı, humanizmi, milli və bəşəri ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti sayəsində İSESCO ilə Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycanın Birinci vitse-prezidenti bu mötəbər təşkilatın tribunasından Ermənistanın Azərbaycana qarşı apardığı terrorizm siyasətini, islam dünyasının zəngin dini-mədəni abidələrinin soyqırıma məruz qalmasını diqqətə çatdırmışdır.

Mehriban Əliyeva mədəniyyət, sivilizasiyalararası dialoq, tolerantlığın geniş təşviqi sahəsində fədakar xidmətlərinə görə, 2006-cı il noyabrın 24-də İSESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür. Təşkilatın Xoşməramlı səfiri adlarına indiyədək islam dünyasının üç görkəmli dövlət və ictimai xadimi layiq görülüb. Mehriban xanım bu yüksək ada layiq görülmüş ilk qadındır.

Mehriban Əliyevanın səmərəli fəaliyyəti sayəsində ISESCO respublikamızda bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər və proqramlar həyata keçirmişdir. “Gənclər sivilizasiyaların alyansı naminə” , “Mədəniyyətlərarası dialoqda qadınların rolu” forumları, İslam ölkələri Elm və təhsil, mədəniyyət nazirlərinin Konfransları, “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” Konfransı, Dünya dini liderlərinin Bakı sammitləri, Ümumdünya mədəniyyətlərarası dialoq forumları, Tolerantlığa dair beynəlxalq tədbirlərin keçirilməsi Mehriban Əliyevanın təşəbbüskarlığı sayəsində mümkün olmuşdur.

İSESCO Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmiş, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tələblərinə uyğun həll edilməsini tələb etmiş, bütün müsəlman dövlətlərinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsində fəal rol oynamışdır. Sentyabrın 27-də Azərbaycanın başlatdığı Vətən müharibəsində də sona qədər haqq mübarizəmizi qətiyyətlə dəstəkləmiş, Ermənistanın işğlalçılıq və terrorizm siyasəti pislənmişdir.

İslam dininin sülh və qardaşlıq dini olduğunu bildirən, milli-dini dəyərlərimizə hər zaman ehtiramını ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva ictimai fəaliyyətinin ilk günündən dini inaclarımıza, adət-ənənələrimizə dərin hörmət və məhəbbətlə yanaşmışdır. O, dünyada islama qarşı əsassız və ədalətsiz münasibəti hər zaman qətiyyətlə pisləmiş, dinimizin sülh və barış dini olduğunu diqqətə çatdırmışdır: “Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olub”.

2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslam aləmini bir araya gətirən, həmrəyliyi gücləndirən möhtəşəm hadisə kimi tarixə yazılmışdır. İSESCO Təşkilat Komitəsinin rəhbəri kimi Mehriban xanımın təşəbbüskarlığını yüksək qiymətləndirmişdir.

Mehriban Əliyevanın Müzəffər Ali Baş Komandan İlham Əliyevlə işğaldan azad olunmuş Xudafərin tarixi-memarlıq abidəsinə, Ağdam Cümə məscidinə baş çəkməsi Onun həm də İSESCO-nun Xoşməramlı səfiri kimi müqəddəs dəyərlərə, zəngin tarixə olan ehtiramını bir daha nümayiş etdirdi, müqəddəs missiyasına möhkəm sadiqliyini təqdim etdi.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş