Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov yazır: Naxçıvana nəqliyyat dəhlizinin açılması niyə birdən gündəmə gəldi?



Newscenter.az.23.01.2021. Ümumilikdə insanlarımızın möhtəşəm qələbəmizdən sonra Rus sülhməramlılarının regiona gəlməsinə görə narahatçılıqlarını başa düşmək mümkündür. Ancaq özlərini siyasətçi, analitik və ya siyasi proseslərin gedişatına hakim hesab edən digər şəxsləri düzgün anlamaq olmur. Baş verən prosesləri savadsızlıqdan və ya səbatsızlıqdan qələbəmizə kölgə salacaq şəkildə izah edən həmin “mütəxəssis”lər, ümid edək ki, bunu kimlərəsə xidmət məqsədi ilə etmirlər. Pozitiv olaraq düşünək ki, həmin şəxslər bu cür iddiaları məhz burunlarının ucunu görməmələri səbəbindən və səriştəsizliklərindən irəli sürürlər.

Daha çox “pandemiya ili” kimi yadda qalacaq ötən ildə, bir çox hadisələrin, xüsusilə də, regionumuzda baş verənlərin təsadüfdən və ya zərurətdən doğduğunu müəyyənləşdirmək üçün bir neçə ritorik suala cavab axtaraq.

-Sizcə niyə bütün dünya, o cümlədən də ermənipərəst quvvələr günlərin birində kənara çəkilib, nəticələrini bilərəkdən bizi işğalçı Ermənistanla meydanda tək qoymağa qərar verdilər?

​-Niyə ötən əsrin 90-cı illərinin əvvəllərində bu münaqişənin yaradılmasında maraqlı və hətta onun müəllifi hesab olunan Rusiya, bu gün həmin münaqişənin həll olunmasına aktiv şəkildə cəlb olunub?

-Bəs niyə, ümumilikdə münaqişədən əvvəl şahmat taxtasındakı fiqurlar kimi, regionda kim və nə harada idi isə, elə cığallıq edib fiqurları dağıdan Rusiyanın öz əli ilə yenidən yerinə qaytarılır?

​-Təxminən elə Qarabağ münaqişəsinin yaşı qədər mövcud olan və Azərbaycanla Türkmənistanın münasibətlərini konflikt həddinə çatdıran yatağın necə oldu ki, bir gündə “Dostluq” yatağına çevrilməsi qərarı verildi?

Bütün bu hadisələr nə təsadüfən, nə də ki, qızmar yay günündə evin bir küncündə yaddan çıxıb qalan istilik sobası kimi, dünyanın unutduğu ermənilər üçün ikinci bir dövlətin yaradılması üçün baş vermir əlbəttə! Baş verənlər ilk növbədə regionun və dövlətimizin dünya üçün önəminin artması ilə yanaşı, Azərbaycanın regionda söz sahibinə çevrilməsinə bağlıdır.

Digər tərəfdən də, dünyanın düzəni dəyişir cənablar! Xüsusilə də, siyasi və iqtisadi düzən dəyişir. Tamamilə digitallaşdırılmaqda və internetləşdirilməkdə olan dünyada ən kiçik hadisə belə nəzarətdən kənar baş verə bilmir. Bu prosesdə ərazi və əhali baxımından kiçik olan dövlətlər, nəhəng dünya ölkələrinə nisbətən daha əhəmiyyətli və aktiv rol almaq imkanına malikdirlər. Hətta bu da gizlin deyil ki, iqtisadi imkanları geniş olan bir çox şirkətlərin və korporasiyaların Ermənistan kimi maliyyə borcları içərisində boğulan bəzi dövlətlərdən dünya üçün daha böyük əhəmiyyətləri vardır.

Planetar bəlalar baxımından real eksperiment olan pandemiya da sübut etdi ki, artıq ənənəvi coğrafi sərhədlər əhəmiyyətini itirməkdədir. Əksinə, iqtisadi və enerji xəritələri aktuallaşır və onların sərhədlərinin toxunulmazlığı gündəmə gəlir. Elə buna görədir ki, Aralıq dənizində onilliklər ərzində mövcud olan problemlərin həllinə və aradan qaldırılmasına qərar verilib. Onun davamı olaraq cənubi Qafqaz regionundakı otuz il ərzində alovlanmaqda olan Qarabağ münaqişəsi kimi “Qordi düyünü”nün açılması reallaşdı.

Uzun illərdir ki, Azərbaycanla Ermənistan arasında alovlanan münaqişə ilə bağlı hər iki tərəfə silah satmaqla həm milyardlar qazanan, həm də, ənənəvi “parçala, hökm sür” siyasətini yürüdən Rusiya bu imkanından məhrum edildi. Gəlin qəbul edək ki, Rusiya bizim regiona girmək imkanına həmişə malik olub. Hətta hazırda regionda çox əhəmiyyətli fiqura çevrilən Türkiyənin nisbətən zəif olduğu zamanlarda bu imkan daha real görünürdü. Lakin, heç vaxt indiki şəkildə və hazırki şərtlərlə girmək istəməyib!

Göründüyü kimi, münaqişənin mövcudluğu Rusiyanın böyük iqtisadi maraqlarının təmin olunmasına xidmət edirdi. Bu gün bəzi qonşularımızın böyük maraqlarından imtina etmələri və regionda mövcud münaqişənin alovlarını söndürməklə sabitliyin təmin olunmasında Azərbaycana dəstək olmaları da, yeni dünya düzəninin formalaşdırılması prosesinin tərkib hissəsidir.

Qarabağ münaqişəsinin tərkib hissəsi olmayan Naxçıvana nəqliyyat dəhlizinin açılmasının birdən gündəmə gəlməsi heçmi təəccüblü görünmədi? Təbii ki, o təəccüblü gəlmirsə, uzun illər Xəzərdə Azərbaycanla Türkmənistan arasında münaqişənin alovlanmasını yanacaqla təmin edən yatağın, bundan sonra aramızdakı dostluğu qızdıracağı da, heç kimi təəccübləndirməməlidir.

Bu, Qərb dünyasından, Atlantik okeanı, Aralıq dənizi, Türkiyə, Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya vasitəsi ilə uzaq şərqə istiqamətlənən toxunulmaz “İqtisadi Zolaq”dır. Dünyanın gələcək müqəddəratını müəyyənləşdirəcək bu kövrək və müqəddəs zolağa qarşı çıxanlar məhvə məhkumdur!

Xəyal Bəşirov-siyasi ekspert
Xəbəri paylaş