
"Bir neçə gündür sosial platformalar və rəsmi müraciət kanalları vasitəsilə məsələ qaldırıram, lakin müraciətlərimə aydın və əsaslandırılmış cavab verilmir. Mərkəzi-Aran Regional Təhsil İdarəsi və Mingəçevir Şəhər Təhsil Sektoru tərəfindən məktəbəhazırlıq qruplarının bağlanması ilə bağlı müəssisə rəhbərlərinə təzyiqlərin göstərildiyi, valideynlərin müraciətlərinin və uşaqların sayının nəzərə alınmadığı barədə məlumatlar verilir. Lakin bu məsələ ilə bağlı hər hansı rəsmi qərar, əmr və ya normativ sənəd təqdim olunmur".
Newscenter.az xəbər verir ki, bu fikirlər Mingəçevir təhsil ictimaiyyətinin nümayəndəsi Sevinc Məmmədovanın elm və təhsil naziri Emin Əmirullayevə ünvanladığı müraciətdə əksini tapıb. Müraciət müəllifi nazirə sual edir ki, məktəbəhazırlıq qruplarının ləğvi ilə bağlı rəsmi qərar varmı və varsa, həmin sənəd niyə ictimaiyyətə açıqlanmır?
"Yoxdursa, hansı əsasla müəssisələrə sifahi göstərişlər verilir? Nə üçün vətəndaş müraciətləri araşdırılmadan cavabsız saxlanılır? Nə üçün şikayətin mahiyyəti araşdırılmaq əvəzinə şikayətçi barəsində qərəzli yoxlamalar aparılır?".
Müraciət müəllifi nazirin diqqətinə çatdırır ki, bu gün vətəndaşlardan xidmətlərin keyfiyyəti ilə bağlı rəy soruşulursa, ilk növbədə vətəndaş müraciətlərinə operativ, şəffaf və qanunauyğun baxılması təmin edilməlidir:
"Mən məsələ ilə bağlı rəsmi və hüquqi əsaslandırılmış cavab, həmçinin məktəbəhazırlıq qruplarının fəaliyyəti barədə aidiyyəti sənədlərin təqdim olunmasını xahiş edirəm. Vətəndaşın səsini eşitmədən keçirilən sorğular deyil, vətəndaşın müraciətinə verilən cavab etimad yaradır".
P.S. Məsələ ilə bağlı Mərkəzi-Aran Regional Təhsil İdarəsi və Mingəçevir Şəhər Təhsil Sektorunun da mövqeyini dərc etməyə hazırıq.
Süleyman












































