
"Elə peşələr var ki, onlar nə vəzifə ilə, nə kabinetlə, nə də rütbə ilə ölçülür. Bu peşələr insan ağrısı, xilas edilən həyat, yuxusuz gecələr və bir insanın digər insan üçün son ümidə çevrildiyi anlarla ölçülür. Tibb işçisi sadəcə ağ xalatlı mütəxəssis deyil. O, hər gün qorxu ilə həyatın, ağrı ilə inamın, ümidsizliklə insanın yenidən özünə qayıdışı arasında dayanan şəxsdir".
Newscenter.az xəbər verir ki, bunları beynəlxalq hüquq müdafiəçisi Qlobal Həmrəylik Şurasının Qafqaz regionu üzrə rəhbəri David Seliverstov deyib. O bildirib ki, həkim, tibb bacısı, feldşer, sanitar və səhiyyə sistemində çalışan hər bir insan özündə xüsusi bir missiya daşıyır:
"Onlar yalnız bədəni müalicə etmirlər. Bəzən insana ləyaqətini, rahatlığını, ümidini və yaşamaq gücünü qaytarırlar.
Bir hüquq müdafiəçisi olaraq əminliklə bildirirəm ki, yaşamaq hüququ və sağlamlıq hüququ yalnız kağız üzərində mövcud ola bilməz. Bu hüquqlar məhz tibb işçilərinin fədakar əməyi olduğu yerdə real məna qazanır".
David Seliverstov qeyd edib ki, bu gün biz onları sadəcə təbrik etməməliyik:
"Biz onların xidmətinin dəyərini anlamalıyıq. Hər xilas edilən insanın arxasında kiminsə məsuliyyəti, yorğunluğu, səbri və böyük insan qəlbi dayanır.
Tibb İşçiləri Günü münasibətilə bütün səhiyyə işçilərini səmimi qəlbdən təbrik edirəm. Qoy sizin nəcib missiyanız hər zaman cəmiyyətin hörməti, minnətdarlığı və layiqli qiyməti ilə əhatə olunsun. Sizin əməyiniz insan, həyat və humanizm naminə göstərilən səssiz qəhrəmanlıqdır".
Süleyman












































