Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəşid Məmmədov: "Multikulturalizm əsrlər boyu Azərbaycan xalqına xas olan bir keyfiyyətdir"



Newscenter.az.7.02.2021. "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun Yunanıstanın nüfuzlu karfitsa.gr nəşrində məqaləsi dərc edilib. Azərbaycanın multikultural ənənələrindən həhs edən yazını oxuculara təqdim edirik:

Bildiyimiz kimi, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev sərəncam imzalamışdır. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə məhz Bakı şəhərində keçirilməsi də təsadüfi deyildi. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Dövlət başçısı öz çıxışlarından birində qeyd etmişdir ki, Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamafobiya və antisemitizm ola bilər.
Multikulturalizm əsrlər boyu Azərbaycan xalqına xas olan bir keyfiyyətdir.

Azərbaycan dünyəvi dövlətdir və qədim zamanlardan müxtəlif inancların, dini cərəyanların qovuşduğu, sülh və əmin-amanlıq şəraitində yaşadığı məkandır. Azərbaycan xalqı və dövləti müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, islam və xristian dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalar arası dialoqa böyük önəm verir. Azərbaycanda multikulturalizm təkcə din, müsiqi, mədəniyyət sahələrini əhatə etmir, o həm də cəmiyyətin bütün təbəqələrinə təsir edən siyasətə, iqtisadiyyata, dövlət idarəetmə sisteminə, ictimai həyata, elmə və s. təsir edən ictimai fenomendir.

Ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara qarşı hörmət duymaq və bu xalqların adını ehtiramla çəkmək, onlara səmimi dostluq və sevgi münasibəti sərgiləmək ilkin klassiklərimizin, orta əsrlər və intibah dövrü şairlərimizin, maarifçi-demokrat yazarlarımızın yaradıcılığında xüsusi önəmli yer tutur. Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə-İbrahimə, Musaya, Süleymana, Yaquba, İsa Məsihə, Məryəmə dərin hörmətlə müraciət edilməsi, onların həyat və əməlləri ilə bağlı Şərq poeziyasının sehirli və füsunkar cığırlarında uyğun təşbeh və bənzətmələr qurulması, istər müqayisəli, istər müqayisəsiz bədii fiqurlar yaradılması artıq öz-özlüyündə multikultural və tolerant əhvalın bariz nümunəsi kimi diqqəti cəlb edir. Başqa xalqlara məxsus alimlərə (Sokrata, Platona, Aristotelə, Evklidə, Hippokrata), yazıçılara (Höteyə, Şillerə, Şekspirə, Hüqoya, Volterə, Russoya) sonsuz ehtiramın təsviri də bir qədər yuxarıda qeyd edilən eyni əhvalın göstəricisidir.

Azərbaycan xalqının digər din və mədəniyyətlərə dözümlü münasibət bəsləməsinin bir çox səbəbləri var. Bu yanaşma Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən və xoş məramından irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxlanılır, respublika ərazisində məscidlərlə yanaşı sinaqoq və kilsələr fəaliyyət göstərir, insanlar dini ayınlərini sərbəst yerinə yetirirlər. Odlar yurdunda bu gün Azərbaycan türkləri ilə bərabər, dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, saxurlar, avarlar, ləzgilər, qrızlar, udinlər kimi fərqli etnik qruplar yaşayır. Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət, milli və dini ayrı- seçkiliyə yol verilməməsi, burada məskunlaşmış azsaylı xalq və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradılıb. Azərbaycanda dini münaqişələr baş vermir və indiyədək hər hansı dini münaqişə olmayıb. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Tolerantlıq-dözümlülük və multikulturalizm-çoxmədəniyyətlilik haqqında Azərbaycan modeli bütün dünyaya örnək və nümunədir.

Rəşid Məmmədov-"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri


P.S. Məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://www.karfitsa.gr/%CF%84%CE%BF-2016-%CE%BF-%CF%80%CF%81%CF%8C%CE%B5%CE%B4%CF%81%CE%BF%CF%82-%CF%84%CE%B7%CF%82-%CE%B4%CE%B7%CE%BC%CE%BF%CE%BA%CF%81%CE%B1%CF%84%CE%AF%CE%B1%CF%82-%CF%84%CE%BF%CF%85-%CE%B1%CE%B6%CE%B5/?fbclid=IwAR0mi45-xEGGvdkosMaOeDlW-LL52O4F01Eb0KREpSXWKTICMj-47b_ICu4
Xəbəri paylaş