Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Voleybolçularımız şirniyyat bişirib satırlar



Newscenter.az.3.04.2021. Azərbaycan Voleybol Federasiyasının (AFV) İdarə Heyətinin üzvü, "Azərreyl" klubunun prezidenti Fərid Xəlilovun "Report"a müsahibəsi

- Pandemiya dövründə necə fəaliyyət göstərirsiniz?

- Aprelin 1-də klubların nümayəndələri ilə federasiyadaxili iclas keçirildi. Toplantı federasiyanın I vitse-prezidenti Faiq Qarayev, baş katib Cəlil Cəfərovun rəhbərliyi altında təşkil olunmuşdu. Müzakirələr məşlərə icazə verilməsi istiqamətində aparıldı. Bu məqsədlə Gənclər və İdman Nazirliyi ilə sıx təmasda işləyirik. Heç olmasa, beynəlxalq yarışlara qatılanlar 1 - 2 ay məşq etsinlər. İndiki halda yarışlara getməmək də bizə ziyandır, gedib biabırçı iştirak etmək də. Ona görə bu iki ziyan arasında seçim edirik ki, bizim üçün hansı daha faydalıdır.

- Bəs Azərbaycan çempionatı barədə söhbət getmir?

- Bizdə çempionat normalda apreldə bitir. Bu il onsuz da daxili yarış olmayacaq. Növbəti birinciliklə bağlı planlar isə avqust - sentyabrda formalaşır. Ona görə də indi danışmaq hələ tezdir. Görək, Nazirlər Kabineti yanında Operativ Qərargah nəyə icazə verəcək, nəyə verməyəcək. Bütün şərtləri nəzərə alaraq, qərar verəcəyik.

- Belə çıxır ki, oktyabradək yarışlar keçirilməyəcək, yalnız təlim-məşq toplanışları olacaq?

- "Azerreyl" olaraq klub yarışlarından danışırıqsa, ya Çağırış Kuboku, ya da ölkə çempionatı olmalı idi. Birincidən imtina etdik, ikinci də aydın məsələdir. İndiki halda avqustu gözləyəcəyik. Klublar həmin vaxtdan formalaşmağa başlayacaq. Amma onda da hər yerin açılıb-açılmayacağını, hansı məhdudiyyətlərin olacağını bilmirik. Milliyə gəldikdə isə həm mayda, həm də avqustda oyunlar var. Qızıl Liqa və Avropa çempionatı olacaq. Həmin yarışlarda iştirak etməliyik. Turnirlərə qatılmaq, orada nailiyyət qazanmaq üçün ən azı yığmaların məşqinə icazə verilməlidir.

- Nəzərə alsaq ki, indiki dövrdə əlavə xərcə düşmək olmur, heyəti formalaşdıra bilirsiniz?

- Məsələ xərcdə deyil. Maaşların verilməsində yenə də çətinlik yoxdur. Amma yaxşı, mən komandanı yığdım, uçuşlara icazə yoxdursa, nə edəcəyəm? Yenə hər şey mənasını itirəcək. Bu gün-sabah bəlkə yenə "SMS icazə" sisteminə keçildi. Onda məşqlər də olmayacaq. Maaş verdiyimiz insanlar evdə oturub pul alacaqlar, inkişaf olmayacaq. Avropanın hər ölkəsində uçuşlarla bağlı xüsusi qaydalar var. Hazırda vizanı əsas götürmürlər. Yeni qaydalara görə, hər ölkədən vətəndaş qəbul edilmir.

- Yəni, Şengen vizası əsas götürülmür?

- Xeyr, Avropa ölkələrinin əksəriyyətində artıq Şengen vizasına baxmırlar. Məsələn, biz Çin və Rusiya istehsalı olan peyvəndi vurdururuq. Avropaya gedəndə deyəcəklər ki, bizim ölkədə yalnız Almaniya peyvəndi olan vətəndaşlar qəbul olunur. Kimdə bu peyvənd yoxdursa, ölkəyə buraxmayacaqlar və geri qayıtmalı olacağıq.

- Onda bu halda bir çox komandalar kimi, yalnız Türkiyəyə gedə bilərsiniz...

- Biz ötən ilin avqust - sentyabrında toplanış üçün Türkiyəyə getmişdik. Hazırda orada da yoluxma çoxdur, bir çox yerləri bağlayırlar, küçələrə çıxmağa icazə vermirlər. Nə uçuşlara, nə də məşqlərə icazə verirlər. Harasa oyun keçirməyə getmək istəsək, ölkədən çıxmağa icazə yoxdur. Lap çıxsan belə, getdiyin ölkəyə girə də bilməyəcəksən, geri qaytaracaqlar.

- Hazırda formalaşdırılması gözlənilən, çempionatda iştirak etmək istəyən başqa klublar da var?

- Əlbəttə. İclasda "Murov", "Abşeron", MOİK klubunun rəhbərliyi iştirak edirdi. Hamı oynamağa hazırdır, xəbər gözləyir. Amma bildiyiniz kimi, voleybola icazə yoxdur. Məsələn, futzala, olimpiya lisenziyası qazanmaq üçün cüdoçuların, karateçilərin təsnifat yarışlarında iştirakına xüsusi icazə verilib. Çünki lisenziya olmasa, olimpiadada iştirak edə bilməyəcəyik. Voleybolda topu əlinlə vurursan, digər oyunçulardan qayıdır, yenə sənin əlinə toxunur. Hər bir idman növündə xüsusi məqamlar var. Hər şey araşdırılır. Gözlənilən beynəlxalq yarışlar nəzərə alınır. Baxırlar ki, buna icazə verməyə dəyərmi, burada risk nə qədərdir? Təhlil apardıqdan sonra cavab veriblər. Hələ ki, icazə yoxdur. Gənclər və İdman Nazirliyinə müraciət olunub. Cavab gözləyirik.

- Birbaşa Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edə bilməzdiniz?

- Xeyr, bu, milli komanda olduğu üçün federasiya vasitəsilə Gənclər və İdman Nazirliyinə müraciət etmişik.

- Məsələn, futbolda AFFA birbaşa Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edir cavabı da oradan alır...

- İclasda Gənclər və İdman Nazirliyinin nümayəndələri də var idi. Bizdə qayda belədir. Dedilər ki, federasiya nazirliyə müraciət etməlidir.

- Nəyə ümid edirsiniz?

- İclasdan dərhal sonra xəbər yayıldı ki, aprelin 5-də məktəblər bağlanır. Deməli, vəziyyət pisləşir. Buna görə də icazə veriləcəyinə inanmıram. Amma müəyyən şərtlər var. O halda icazə verilə bilər ki, oyunçular hamısı bir yerdə qalsınlar. Lakin SMS tətbiq olunsa, buna da icazə verilməyəcək. Beynəlxalq oyunlar üçün vaxt getdikcə azalır. Aprelin 10-dək cavab verilməlidir. Gec olsa, heç bir mənası olmayacaq. İdmançı 1 illik fasilədən sonra dərhal ağır məşqlərə başlasa, zədələnəcək, bizə heç bir xeyir verə bilməyəcək. Ona görə burada vaxt məhdudiyyəti də var.

- Digər idman növləri ilə məşğul olan bəzi idmançılar ailələrini dolandırmaq üçün başqa işlərdə çalışırlar. Məsələn, biri taksi fəaliyyəti, digəri fəhləliklə məşğul olur. Voleybolçular arasında da belə hallar varmı?

- Mətbuatda belə hallarla bağlı xəbərlər oxumuşuq. Bilirsiniz, pul heç vaxt bəs etmir. Bu, mənim fikrimdir. Mən burada da işləyə bilərəm, şəxsi işlərim, əlavə gəlir mənbəyim də var. Bizdə qızlar var ki, dadlı şirniyyat bişirirlər. İndi onlar bunun satışı ilə də məşğul olurlar. Sözsüz, belə hallar var. Lakin yenə də həm klublar, həm də federasiya onlara dəstək olur. Maddi yardım da edirik. Hamımız bir ailə kimiyik.

- Hazırda "Azərreyl"in heyətində legionerlər var?

- Xeyr, çünki məşq, oyun yoxdur. Ötən mövsüm bitməmiş legionerləri ölkələrinə qaytardıq. Bu, onunla əlaqədar idi ki, karantinə görə sərhədləri bağlayırdılar. Hətta Seneqaldan bir oyunçumuz var idi, burada əlavə 4 ay əlavə qaldı. İngilis dilini də bilmirdi. Ona dəstək olduq. Sərhədlər açılan kmi evinə göndərdik. Legionerlər öz ölkələrində ən azı məşq edib, formada qalırlar. Burada qalmaları nə bizə, nə də onlara sərf edir.
Xəbəri paylaş