Newscenter.az.15.04.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri ilə görüş keçirilib.
İdarədən Newscenter.az-a verilən məlumata görə, görüşdən öncə ölkəmizdə səfərdə olan Türkiyənin nümayəndə heyəti və BŞTİ-nin rəhbərliyi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Qonaqlar Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini də ziyarət ediblər.
Görüşdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent Yazıcı, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi və BŞTİ-nin struktur bölmə rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev qonaqları salamlayıb, görüşün keçirilməsində əsas məqsədin qardaş ölkə olan Türkiyə ilə təhsil sahəsində əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakı şəhəri ilə Ankara, İstanbul və İzmir şəhərlərinin ümumi təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməkdən ibarət olduğunu bildirib. İdarə müdiri beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin təşkilinin əhəmiyyətindən bəhs edib. R.Tağıyev təhsilin inkişafı üçün təcrübə mübadiləsinin çox vacib olduğunu vurğulayıb.
BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən qonaqlar təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Görüş zamanı iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr, ümumi təhsil sahəsindəki perspektivlər barədə səmərəli fikir mübadiləsi aparılıb.
Tədbirdə BŞTİ-nin və İstanbul Milli Təhsil İdarəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonda BŞTİ ilə İstanbul, Ankara və İzmir Milli Təhsil idarələri arasında niyyət protokolu imzalanıb.
Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova da iştirak edib.
Görüşdən sonra Türkiyə nümayəndə heyəti 189-190 nömrəli tam orta məktəbdə olub. Məktəblə tanışlıqdan sonra qonaqlara məktəbin fəaliyyəti və əldə olunmuş uğurlar haqqında məlumat verilib.
Sonda şagirdlərin iştirakı ilə “Azərbaycan-Türkiyə” adlı musiqili proqram təşkil olunub.