Newscenter.az.27.04.2019. 2019 “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində Dənizkənarı Milli Parkda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyon fəaliyyət göstərir.
Newscenter.az-a nazirlikdən daxil olan məlumata görə, bir neçə zonadan ibarət olan Pavilyonda “Mars Academy” tərəfindən gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədi ilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumatlar təqdim edilir.
Proqramın hədəfi peşə seçimi mərhələsinə gəlib çatmış gənclərə özlərini müxtəlif peşələrdə sınamaqda, eləcə də, düzgün seçim etməkdə kömək olmaqdır.
Eyni zamanda, pavilyonda hər hansı maşın modelinin xarici görünüşünə estetik müdaxilə imkanı yaradan vizual kodlaşdırma aləti olan “Car confiqurator” nümayiş olunur.
“Car confiqurator” maşının təkərinin ölçüsünü, diskin formasını, ümumi örtüyünün rənginin dəyişməsini, hər hansı üst detalların digərləri ilə əvəz olunaraq tüninq olunmasını həll etməklə yanaşı, maşının mexaniki detallarına baxış keçirərək lazımi məlumatları əldə etmək imkanı da yaradır.
Pavilyon uşaqlar üçün xüsusiilə maraqlıdır. Burada onlar dronlarla, robot texnologiyalarıyla tanış olmaq, həmçinin də onların quraşdırılma və idarə olunmasında iştirak etmək imkanı əldə edir.
Bundan başqa, pavilyonda “Azərmarka” MMC tərəfindən dövriyyəyə buraxılan “FORMULA 1 AZERBAİJAN GRAND PRİX” adlı poçt markasıvə vərəqləri də təqdim olunur.