
İyunun 18-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib.
Newscenter.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Əli Əhmədov iclas iştirakçılarını salamlayaraq, ölkələrimiz arasında xalqlarımızın mənafelərinə xidmət edən mehriban qonşuluq, dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğunu qeyd edib. O, ikitərəfli münasibətlərdə yüksək səviyyəli təmasların, dövlət qurumları arasında qarşılıqlı əlaqələrin önəmli rol oynadığını söyləyib.
Birinci vitse-spiker bildirib ki, Azərbaycan-Rusiya münasibətlərində Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisi arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiya xüsusi yer tutur. Öz fəaliyyəti dövründə komissiya vacib platforma kimi özünü təsdiqləyib. O, parlamentlərarası əlaqələrin gücləndirilməsinin və təcrübə mübadiləsinin parlament fəaliyyətinin səmərəliliyinin artırılmasına və ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Əli Əhmədov bugünkü iclasda sağlamlığın qorunması və tibbi kadrların hazırlanması sahəsində əməkdaşlıq, eləcə də elm və təhsil sahəsində qarşılıqlı fəaliyyət məsələlərinin də diqqət mərkəzində olacağını qeyd edib. O, ölkələrimiz arasında əməkdaşlıq çərçivəsində səhiyyə, təhsil və elm sahələrində əlaqələrin hərtərəfli inkişaf etdiyini bildirib. Bu müzakirələrin parlamentlərarası dialoqun daha da inkişaf etdirilməsində, humanitar əməkdaşlığın gücləndirilməsində, elmi və təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsində və səhiyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsində önəmli rol oynayacağını vurğulayıb.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini, Rusiya tərəfindən Komissiyanın həmsədri Andrey Yatskin çıxışında deyib ki, parlamentlərarası əməkdaşlıq iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin mühüm istiqamətlərindən biridir. O, Azərbaycan ilə Rusiya arasında parlamentlərarası əməkdaşlığın davamlı xarakterinin əhəmiyyətini qeyd edib və tədbirin təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Həmsədr gündəliyə daxil edilmiş məsələlərdən danışaraq səhiyyə və təhsil sahələrində əməkdaşlığın humanitar əlaqələrin inkişafı baxımından əhəmiyyətini, bu istiqamətlərdə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sonra komissiyanın iclasında Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi arasında əməkdaşlıq kontekstində parlament demokratiyasının inkişafı, iki ölkə arasında səhiyyə və tibb kadrlarının hazırlanması sahəsində əməkdaşlıq, elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri mövzularında müzakirələr aparılıb.
Müzakirələrdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov, Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Sosial siyasət komitəsinin üzvü Yevgeniya Lamonova, Dövlət Dumasının reqlamenti və fəaliyyətinin tənzimlənməsi üzrə Komissiyasının sədri Viktor Pinski, habelə videokonfrans vasitəsilə iclasa qoşulan Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Oleq Salaqay, elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski, Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini icra edən Konstantin Malkovski çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıblar.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın növbəti – 25-ci iclası ilə bağlı təşkilati məsələlərə də baxılıb.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 24-cü iclası başa çatıb.
İclasda Milli Məclisin komitə sədrləri Polad Bülbüloğlu, Arzu Nağıyev, deputatlar - Azərbaycan tərəfdən Komissiya həmsədrinin müavini Ağalar Vəliyev, Nizami Səfərov, Pərvin Kərimzadə, Asif Əsgərov, Mixail Zabelin, Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman












































