Newscenter.az.3.05.2019. Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda Respublika Elmi-texniki konfransı öz işinə başlayıb.
Konfrans iştirakçıları Ulu Öndərin universitetin foyesində yerləşən büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, plenar iclas Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Sonra Heydər Əliyevin xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
AzTU-nun prorektoru, professor İlham Pirməmmədov konfransı açıq elan edib və qonaqları salamlayıb. Prorektor Azərbaycanda gənclərə olan dövlət qayğısından, ali təhsil müəssisələrində gənclərə yaradılan müasir şəraitdən, tələbələrin müsabiqə və olimpiadalardakı uğurlarından və keçirilən konfransın əhəmiyyətindən danışıb. Professor əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib və Azərbaycan gənclərinin təhsilinə, hərtərəfli inkişafına diqqət və qayğını xüsusi vurğulayıb.
Sonra AzTU-nun tələbə və gənc tədqiqatçıları –“İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının doktorantı, AzTU YAP Gənclər Birliyinin sədri Əsmər Nəbiyevanın “Heydər Əliyevin sayəsində Azərbaycan gəncliyi dövlət qayğısı ilə təmin olundu”, “Maşınqayırma texnologiyası” kafedrasının baş müəllimi Heyran Abbasovanın “Müasir RPİ çoxməqsədli dəzgahlarında çoxalətli emalın məhsuldarlığının yüksəldilməsi” və “Optik telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Məhiş Məhərrəmzadənin “Optik şəbəkələrdə informasiya təhlükəsizliyi” mövzularında məruzələri maraqla dinlənilib.
Ümumilikdə konfransa 695 məqalə daxil olub. Bunlardan 575 məqalə AzTU əməkdaşları tərəfindən, 120 məqalə isə kənar müəssisə əməkdaşları tərəfindən təqdim olunan məqalələrdir.
Konfrans işini “Avtomatika və kompüter texnikası”, “Nəqliyyat”, “Elektrotexnika və energetika”, “Metallurgiya”, “Maşınqayırma”, “Radiotexnika və rabitə”, “Mühəndis biznesi və menecment”, “Xüsusi texnika və texnologiya”, “Təbiət və fundamental elmlər”, “Humanitar elmlər” və “Dillər” bölmələri üzrə mayın 4-nə kimi davam etdirəcək.
Mayın 4-də konfransın yekun iclası keçiriləcək və fərqlənən məqalə müəlliflərinə sertifikatlar təqdim olunacaq.