Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Gömrük Komitəsinin sədri Avstriya səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Avstriya səfiri ilə görüşüb


Newscenter.az.8.05.2019.
Mayın 8-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl ilə görüşüb.

Newscenter.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasındakı əməkdaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin dostluq və tərəfdaşlıq zəminində yüksələn xətlə inkişaf etdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edən Komitə sədri sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Səfər Mehdiyev ikitərəfli münasibətlərin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü deyib, hər iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan gömrüyündə geniş islahatlar proqramının həyata keçirildiyi barədə məlumat verən DGK sədri onu da qeyd edib ki, hazırda ölkənin gömrük sistemi Avropa gömrük modelinə uyğunlaşdırılır. Səfər Mehdiyev həmçinin elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi, ticarətin daha da asanlaşdırılması istiqamətində yeni normativ sənədlərin təsdiqi və yeni qaydaların tətbiqindən bəhs edib, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə xüsusi önəm verildiyini bildirib.

Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkürünü bildirib və iki ölkə arasındakı münasibətlərdən bəhs edib. Səfir Azərbaycan və onun inkişafından, eləcə də gömrük orqanlarındakı islahatlardan məmnunluğunu bildirib, iki ölkənin gömrük orqanları arasında əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş