Newscenter.az.17.05.2019. Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində Şarja Qadın və İdman Fondu, BƏƏ-nin Milli Olimpiya Komitəsi və İdman nazirliyinin rəhbərliyi altında qadınlara həsr olunmuş “11-ci Ramazan turniri” keçirilib.
Newscenter.az-a daxil olan məlumata görə, tədbirdə Azərbaycanı İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin üzvü, Qadın və İdman komitəsinin rəhbəri Könül Nurullayeva təmsil edib.
Tədbir çərçivəsində Şarja Qadın və İdman Fondunun prezidenti, Şarja İdman konsulluğunun rəhbərliyi, BƏƏ-nin İdman nazirliyi və MOK-nin rəsmiləri ilə görüşlər keçirilib. Bu görüşlər zamanı, Könül Nurullayeva tərəfindən 2020-ci ildə BƏƏ-də İHİF-nın rəhbərliyi altında Qadın liderlərinin Beynəlxalq Forumunun keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Tədbirin təşkilatı məsələləri müzakirə olunub və dərhal ilkin hazırlıqlara start verilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda 2020-2021-ci illər ərzində İHİF-in müxtəlif idman növləri üzrə qadınlararası yarışların keçirilməsi məsələləri də müzakirə mövzularından biri idi.
Tədbirin yekununda Könül Nurullayeva Şarja İdman və Qadın Fondunun prezidenti tərəfindən Təşkilatın fəaliyyətinə verdiyi yüksək töhfələrə görə Fəxri mükafatla təltif olunub.