Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ucarda kənd təsərrüfatı texnikası yarmarkası keçirilir

Ucarda kənd təsərrüfatı texnikası yarmarkası keçirilir


Newscenter.az.30.05.2019. Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi texnika yarmarkaları silsiləsindən növbəti yarmarka Ucarda baş tutub. Ucar rayonunun fermerlərini kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi daşıyan yarmarka mayın 29-30-da keçirilir.

Newscenter.az-a nazirlikdən bildirilib ki, texnika yarmarkalarında 20-dən artıq təchizatçı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsul və xidmətlərini təsərrüfat sahiblərinə və fermerlərə təqdim edirlər.

“Fermerlər bizə mütəmadi olaraq, bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar verir. Bir dövlət qurumu olaraq hər hansı təchizatçıya fermer və ya sahibkarı yönəltməyi liberal bazar qanunlarına zidd sayırıq. Ona görə də əminik ki, bu yarmarkalar fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaradacaq”, - Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev yarmarkaların təşkili səbəbini belə izah edib. Mirzə Əliyev bildirib ki, kredit, sığorta və lizinq şirkətlərinin də yarmarkada iştirakı fermerlərə kənd təsərrüfatı texnikalarını özlərinə sərf edən şəkildə əldə etmək üsullarını öyrənməyə yardım göstərəcək.

Qeyd edək ki, növbəti yarmarka Quba rayonunda 8-9 iyun tarixlərində keçiriləcək.

Xatırladaq ki, 20 may -15 iyun 2019-cu il tarixlərində ölkənin 6 regionunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) keçirilməsi planlaşdırılan kənd təsərrüfatı texnikası yarmarkalarını Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir.
Orxan
Xəbəri paylaş