Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda yeni qurulan süni intellekt infrastrukturu cəlbedicidirmi ?

Azərbaycanda yeni qurulan süni intellekt infrastrukturu cəlbedicidirmi ?


Azərbaycanda dövlətin dəstəyilə süni intellektin gələcəyi üçün strateji əhəmiyyət kəsb edən iki böyük Superkompüter Mərkəzi qurulub.
Biri 10 milyon manat investisiya ilə İqtisadiyyat Nazirliyinin (Caspel/Dell), digəri isə 7 milyon manat vəsaitlə AzInTelecom-un (Lenovo) xəttilə yaradılıb.
AzInTelecom rəsmi olaraq açıqlayıb ki, tenderi qazanan şirkət — “İnnovativ Layihələr Mərkəzi” Lenovo texnologiyası və NVIDIA H200 çipləri əsasında bu hesablama mərkəzinin quraşdırılmasını tam başa çatdırıb və sistem istifadəyə hazırdır.
AzInTelecom bu mərkəzi Yevlax şəhərindəki infrastrukturu əsasında qurub.
Bu işlərə İqtisadiyyat Nazirliyinin xəttilə daha tez başlayan "Caspel" şirkəti tərəfindən NVIDIA H200 çipləri əsasında yaradılan Superkompüter Mərkəzinin də çoxdan hazır olması bildirilib. Lakin bununla bağlı heç bir rəsmi açıqlama verilməyib, heç bir səs-soraq da yoxdur.
İN-in İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin inzibati binasında yerləşən bu mərkəzin indiyədək açılışı olmayıb.
Ən maraqlı məqam isə odur ki, hər iki qurum indiyədək bu mərkəzlərin xidmətlərindən istifadə haqlarının, tariflərin necə olacağını açıqlamayıb.
İndiki zamanda region ölkələrində, Qazaxıstanda 400 milyonluq, Ermənsitanda 4 milyardlıq hesablama infrastrukturunun qurulduğu bir zamanda, bu istiqamətdə ciddi rəqabətin formalaşdığı bir vaxtda hazır süni intellekt infrastrukturu üçün belə ləngimələr doğru bir yanaşma deyil.
İnfrastrukturun olması kifayət deyil, onun necə və hansı qiymətə istifadə ediləcəyi biznes, startaplar və elmi tədqiqatlar üçün bəlli olmalıdır. Bu qeyri-müəyyənlik yerli startapların və tədqiqatçıların daha bahalı olan xarici resurslardan asılılığını davam etdirir, inkişafı ləngidir, ölkədən valyuta axınını gücləndirir.
Qonşu ölkələrin, məsələn, BƏƏ-nin dəstəyi ilə 400 milyon dollar investisiya ilə süni intellekt infrastrukturu quran Qazaxıstan artıq çoxdan bu problemləri həll edib. Onlarda şəffaf bir tarif siyasəti mövcuddur. Tariflər dövlət, elm və startaplar üçün əsasən pulsuzdur, ya da simvolik bir məbləğlə tənzimlənir. Yerli biznes üçün isə xeyli güzəştlər var.
Düşünürəm ki, hökumət, RİNN və İN tezliklə mövcud hesablama infrastrukturundan istifadə tariflərini açıqlamalıdırlar.
Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" müşavirəsində də bu sahədə işlərin canlandırılmasının, süni intellekt və data mərkəzləri istiqamətində real addımların atılmasının vacibliyi xüsusi qeyd olundu.
Rəqəmsal dünyada, xüsusən də süni intellekt sahəsində vaxt qızıldan daha dəyərlidir. Dövlətin dəstəyilə yaradılan infrastrukturumuzun "soyuq otaqlarda" boş dayanması deyil, tez bir zamanda milli AI modellərimizin təliminə xidmət etməsi daha doğru və faydalı olardı.

Osman Gündüz
Xəbəri paylaş