Newscenter.az.5.06.2019. Konqres Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” mövzusunda Konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin, ictimai təşkilatların rəhbərləri, Milli Məclisin deputatları, sahibkarlar iştirak ediblər.
Əvvəlcə Konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, özəl sektorda da sürətli inkişafa nail ounduğunu, bu istiqamətdə bir çox sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb. Sahibkarların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, dördüncü ildir ki, qeyd edilən Sahibkarlar Gününün sahibkarlığa göstərilən yüksək diqqətin və qayğının daha bir göstəricisi olduğunu bildirib.
Konfransda sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.
Sonra ölkəmizdə sahibkarlığın inkişafı üçün həyata keçirilən tədbirləri və əldə edilmiş nailiyyətləri əks etdirən “Dayanıqlı inkişafın əsası - sahibkarlıq” filmi nümayiş olunub.
Əmək və Əhalinin Sosal Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə innovativ iqtisadiyyatın formalaşdırılması və sahibkarlığın inkişafının, sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin başlıca istiqamətləri olduğunu qeyd edib. Bildirilib ki, sosial islahatlar paketinin yeni uğurları kimi, 2019-cu ildə minimum əmək haqqı və minimum pensiya, sosial müavinət və təqaüdlər artıb, bu və digər mühüm tədbirlər əhalinin rifahına ciddi dəstək olub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə və millət vəkili Vahid Əhmədov çıxışlarında iqtisadiyyat və sahibkarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıblar.
Vergilər nazirinin müavini Sahib Ələkbərov vergi sistemində aparılan dəyişikliklərin əsas istiqamətləri, vergi ödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə sahibkarlığın rolundan bəhs edib, dövlətin daim sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə çıxış edib.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlara sahibkarlar da öz töhfəsini verir. Məmməd Musayev Konfederasiyanın bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə Agentliyin fəaliyyəti və dəstək mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda ölkənin 12 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir və bu mexanizm yaxın müddətdə ölkənin digər inzibati ərazilərini də əhatə edəcəkdir. Agentliyin digər mühüm layihəsi olan KOB evlərinin yaradılması istiqamətində işlər davam etdirilir. İlk KOB evi tezliklə Bakı şəhərində sahibkarların istifadəsinə veriləcəkdir.
Sonra Bakı şəhərində yaradılmaqda olan və bu il istifadəyə verilməsi nəzərdə tutulan, sahibkarlara vahid məkanda xidmətlər göstərəcək “Kiçik və orta biznes evi”nin (KOB evi) təqdimatı keçirilib.
Konfransda çıxış edən sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatları, bu istiqamətdə qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib və sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində bir qrup sahibkar korporativ sosial məsuliyyət, fəal assosiasiya, intizamlı vergi ödəyicisi, sosial sahibkarlıq, fəal ixracatçı şirkət, innovativ fəaliyyət və uğurlu KOB nominasiyaları üzrə təltif olunublar.
Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.