Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

Azərbaycan-Rusiya biznes dialoqu keçirilib


Newscenter.az.8.06.2019. 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının dəstəyi, Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin iştirakı ilə iş adamları arasında biznes dialoq təşkil edilib.

Newscenter.az-a daxil olan məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının biznes dairələri arasında əlaqələrin genişləndirilməsində önəmini qeyd edib. Ticarət əlaqələrinin Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən olduğunu vurğulayan Şahin Mustafayev Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutduğunu diqqətə çatdırıb. Ötən il Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 19% artaraq 2,5 milyard dollara çatıb. Bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin 23%-lik artımına nail olunub. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Ötən il Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 43%-i Azərbaycanın payına düşüb.

Ölkələrimiz arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi potensialı böyükdür və bu məqsədlə tədbirlər davam etdirilir. Belə ki, Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir, ticarət evləri mexanizmi tətbiq olunur. Şahin Mustafayev işgüzar əlaqələrin genişləndirilməsində İqtisadi-ticarət əməkdaşlığının aktual məsələləri üzrə İşçi Qrupunun, Bakıda açılmış Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin fəaliyyətini, bu ilin mart ayında "Qazprombank"ın Azərbaycana investisiya imkanlarına dair keçirilmiş biznes seminarın önəmini qeyd edib. Bununla yanaşı, Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid stendi ilə Rusiyada keçirilən “Worldfood”, “Prodexpo”, “MosBuild 2019” sərgilərində nümayiş olunub, Rusiyaya ixrac missiyaları təşkil edilib, ötən ilin mayında Həştərxanda Azərbaycan İş Mərkəzi açılıb. Bu il Sankt-Peterburq və Yekaterinburq şəhərlərində 2 Azərbaycan şərab evinin açılması gözlənilir.

Bundan başqa, hazırda Rusiyada “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilk mağaza bu ilin martında Moskvada açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması planlaşdırılır.

Ölkəmiz Rusiya ilə sənaye, investisiya sahələrində də səmərəli əməkdaşlıq həyata keçirir. Bu baxımdan, “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin həyata keçirilməsi qarşılıqlı sərmayə yatırılması sahəsində əhəmiyyət kəsb edir.

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu, ölkələrimiz arasında yüksək səviyyəli siyasi-iqtisadi münasibətləri diqqətə çatdırıb, hazırda müxtəlif sahələrdə çoxşaxəli layihələri vurğulayıb. Rusiyalı nazir qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafı üçün böyük imkanlar var və bu müsbət meylin gücləndirilməsi üçün səylər daha da artırılacaq, bu gün təşkil edilən biznes dialoq işgüzar əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir. Maksim Oreşkin ölkəsinin Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracını artırmaq niyyətini diqqətə çatdırıb, iş adamlarını yaradılmış imkanlardan daha səmərəli istifadə etməyə dəvət edib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, Rusiya prezidentinin sahibkarların hüquqları üzrə səlahiyyətli nümayəndəsi Boris Titov, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik və digər şəxslər qarşılıqlı iqtisadi əməkdaşlığın əhəmiyyətini qeyd edib, əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər.

İclas çərçivəsində biznes dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Xəbəri paylaş