Newscenter.az.13.06.2019. Əvvəlki illərdə olduğu kimi, bu biznes foruma da maraq böyük olub. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, ümumilikdə biznes foruma 1000-ə yaxın iştirakçı qatılıb.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev ənənəvi olaraq keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunun Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq perspektivlərinin, qarşılıqlı ticarət və investisiya imkanlarının müzakirə edilməsi üçün önəmli platforma rolunu oynadığını vurğulayıb. Bildirilib ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və qarşılıqlı əlaqələrin artan dinamikasında yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin mayında Brüsselə, ümumilikdə isə son 10 ildə Avropa İttifaqına 9 səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan və Aİ arasında müxtəlif sahələri əhatə edən müqavilə-hüquq bazası yaradılıb.
Nazir Şahin Mustafayev vurğulayıb ki, ticarət ikitərəfli əməkdaşlığımızda əsas istiqamətlərdən biridir və Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının bu regionla ticarətinin 78%-i Azərbaycanın payına düşür. 2018-ci ildə ölkəmizin xarici ticarətində Avropa İttifaqının payı isə 42% təşkil edib. Bununla belə, ticarətin genişləndirilməsi üçün ardıcıl tədbirlər görülür. Mütəmadi olaraq ixrac missiyaları təşkil olunur, sahibkarlarımız beynəlxalq sərgilərdə iştirak edirlər. Azərbaycanın Polşada 10 ölkəni əhatə edən ticarət nümayəndəliyi, Riqa və Varşavada Ticarət Evləri fəaliyyət göstərir. Ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsində 30%-lik artıma nail olunub.
İnvestisiya sahəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdıran İqtisadiyyat naziri Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına 33,6 mlrd. dollar, Azərbaycanın isə Avropa İttifaqı ölkələrinə 15 mlrd. dollara yaxın investisiya yatırdığını bildirib. Qeyd olunub ki, Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1600-dan çox şirkəti fəaliyyət göstərir.
Biznes forumda Azərbaycanın Avropa İttifaqının əsas enerji tərəfdaşlarından olduğunu vurğulayan Şahin Mustafayev qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması nəticəsində bu sahədə əməkdaşlığımız daha da genişlənəcəkdir. Bu, nəhəng infrastruktur layihəsinə 40 milyard dollara yaxın sərmayə qoyulub. Layihənin 3 komponenti – Şah Dəniz 2, Cənubi Qafqaz Boru Kəməri və TANAP artıq istifadəyə verilib. TAP üzrə işlərin gələn il başa çatdırılması gözlənilir.
İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzidir və Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir.
Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, son standartlara cavab verən avtomobil yolları bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də əhəmiyyətli dərəcədə artıb, 2018-ci ildə Azərbaycan ərazisindən 9,3 milyon ton tranzit yük daşınıb və tranzit qeyri-neft məhsullarının həcmində 49% artım qeydə alınıb.
Biznes forumda İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar və əldə olunan uğurlu nəticələr barədə məlumat verib.
Nazir diqqətə çatdırıb ki, Avropa İttifaqı Biznes Mühiti Hesabatı üçün ötən il keçirilmiş sorğuda Aİ şirkətlərinin 65%-i Azərbaycandakı makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 89%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Bununla yanaşı, Avropa İttifaqının 2018-ci ildəki “Azərbaycan investisiya məkanı kimi” sorğusunda iştirak etmiş şirkətlərin 66%-i ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək qiymətləndiriblər.
Biznes forumun müzakirələr üçün əlverişli platforma olduğunu vurğulayan Şahin Mustafayev Avropa İttifaqı ölkələri şirkətlərini Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yararlanmağa, fəal əməkdaşlığa dəvət edib.
Tədbirdə Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han ötən 10 il ərzində "Şərq Tərəfdaşlığı" proqramının həyata keçirilməsi çərçivəsində görülən işlər haqqında danışıb, bu dövrdə proqramın iştirakçı ölkələri ilə iqtisadi əməkdaşlığın inkişaf etdiyini, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi, kiçik və orta biznes, nəqliyyat-tranzit, İKT, gənclər siyasəti, təhsil və s. sahələrin inkişafı üçün əhəmiyyətli addımlar atıldığını qeyd edib və bildirilib ki, bu istiqamətdə dəstək tədbirləri davam etdiriləcək. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı, mühüm ticarət partnyoru olduğunu vurğulayan Y.Han Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin inkişafınn önəmini qeyd edib.
Sonra Alman-Azərbaycan Xarici Ticarət Palatasının şöbə müdiri Nigar Bayramlı Avropa İttifaqının Azərbaycanın biznes mühitinə dair 2019-cu il üzrə hesabatını təqdim edib. Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov, Təhsil nazirinin müavini İdris İsayev, Ədliyyə nazirinin müavini Toğrul Musayev çıxışlarında hesabatda öz əksini tapmış məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin müvafiq sahələrdə həyata keçirilən islahatlar və görüləcək işlər barədə məlumat verib, islahatların davamlı olacağını vurğulayıblar.
Azərbaycan-Avropa İttifaqı biznes forumu panel iclaslarla öz işini davam etdirir.