Newscenter.az.18.06.2019. İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin hesabat və təhvil-təslim mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə Dostluq Qrupunun sədri Şamil Ayrım, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin məsləhətçisi professor Halim Kazan, İstanbul Universitetinin professoru, tarixçi Xəlil Bal, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin rəhbəri Nuran Acar, İstanbul Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Xuraman Hülya Ağasoy, müxtəlif gənclər təşkilatlarının təmsilçiləri, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəaliyyətlərini əks etdirən videoçarx nümayiş etdirilir.
Təşkilatın idarə heyəti üzvləri Aysel Hüseynzadə və Dursun Məmmədov Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin il ərzində gördüyü işlərə dair təqdimat edərək, bu günə qədər reallaşdırılan layihələr, əldə edilən uğurlar və gələcək hədəflərlə bağlı geniş məlumat veriblər.
Birliyin qurucusu və fəxri başqanı Rəşid Həsən Mustafazadə çıxış edərək, təşkilatın yaradılma məqsədi və gənclər üçün aktual olan məsələlərə toxunub.
“Bizim əsas hədəfimiz sadəcə ölkəmizi tanıtmaq deyil, eyni zamanda həm Türkiyə, həm Azərbaycan gəncləri üçün böyük önəm kəsb edən təşkilatlanma və birlikdə hərəkət etmə ənənələrini gücləndirməkdir. Birlik olduğu yerdə bütün amallara çatmaq mümkündür, bu birliyin üzərinə elm, intellekt, zəhmət əlavə etdikdə isə nəticələr daha da mükəmməl olur”, - deyə Mustafazadə qeyd edib.
Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin məsləhətçisi professor Halim Kazan Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərək, gəncləri dünyada bənzəri olmayan bu qardaşlığı davam etdirməyə səsləyib.
“Sizlər Azərbaycanın gələcəyisiniz və məhz sizlər sabah ölkənizi idarə edəcəksiniz. Bu məsuliyyəti dərk etməli və ölkənizdən kənarda keçirdiyiniz zamanı dəyərləndirməli, çox yüksək təhsil göstəriciləri əldə etməlisiniz. Sizin çiyinlərinizdə böyük məsuliyyət var”, - deyə Kazan vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin deputatı , Azərbaycan-Türkiyə Dostluq Qrupunun sədri Şamil Ayrım Azərbaycan -Türkiyə əlaqələrinin tarixi və hazırki münasibətlərindən danışaraq, hər iki ölkənin qarşısında duran ümumi problem və hədəflərdən söz açıb.
Şamil Ayrım İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini ifadə edərək, gələcəkdə daha da böyük uğurlar atmasını arzu edib. Deputat Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə hər zaman dəstək verməyə hazır olduğunu dilə gətirib.
“Biz böyük bir mücadilənin içindəyik, əziz gənclər! Bu mücadiləmizi birlikdə aparmalı, həmrəylik və birlik göstərməliyik. Mən daima sizin yanınızdayam”, - deyə Ayrım bildirib.
Daha sonra Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin idarə heyəti üzvləri və fəalları Nigar Əzizova, Anar Can Kıtay, Aydan Zülfüqarlı, Turqut Məmmədov, Gülər Adıgözəlova, Aysel Hüseynzadə, Dilarə Gökçe, Aynur Hüseynova, Dursun Məmmədov, Günay Bağırova, Nərgiz Məmmədova, Məhəmməd Sıcak il ərzində göstərdikləri fəaliyyətlərdən dolayı təşəkkürnamələr və hədiyyələrlə təltif ediliblər. İl boyunca birliyə dəstək verən müəllimlərə plaketlər verilib.
Keçirilən seçkilər nəticəsində təşkilatın yeni sədri İstanbul Universiteti Tarix fakültəsi tələbəsi Anar Can Kıtay olub. Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin qurucusu Rəşid Həsən Mustafazadə simvolik olarak xələfinə Rəsulzadənin “Gəncliyə Xitabı”nı təqdim edib.
Anar Can Kıtay çıxış edərək gələcək planlar və keçiriləcək layihələr barədə iştirakçıları məlumatlandırıb və ona göstərilən etimadı doğruldacağına söz verib.
İstanbul Universitetində ilk dəfə olaraq fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin əsas məqsədi azərbaycan kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət, iki dövlət" şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.
Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk Türkiyə universitetidir və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.
https://www.youtube.com/watch?v=5MVwwqUIqyg