Newscenter.az.19.06.2019. Gün ərzində kümçülər tərəfindən daha 24,7 ton yaş barama tədarük olunub. İyunun 19-dək respublika üzrə tədarük olunan yaş baramanın həcmi 588 tona çatıb. Newscenter.az. Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin yekun göstəricisindən 74 ton artıqdır. Bu il ən çox yaş barama Zərdab (65,14 ton), Zaqatala (52,22 ton), Ağcabədi (51,93 ton), Füzuli (49,6 ton), Balakən (44 ton), Şəki (40,3 ton), Bərdə (36,19 ton), Qax (25,97 ton), Kürdəmir (22,51 ton) kümçüləri tərəfindən tədarük olunub. Respublikanın 38 rayonunda barama tədarükü davam edir.
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.
Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.
Orxan