Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində görüş keçirilib


Newscenter.az.22.06.2019. Dövlət Gömrük Komitəsində "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çin Xalq Respublikasının (ÇXR) İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin infrastruktur inkişafı Departamentinin nümayəndə heyəti ilə görüş keçirilib.

Newscenter.az-a DGK-dan bildirilib ki, görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov ölkələrimiz arasında əməkdaşlıq münasibətlərindən, beynəlxalq ticarətin inkişafında "İpək Yolu" layihəsinin əhəmiyyətindən, Prezident İlham Əliyevin Çinə səfəri zamanı aparılan müzakirələrin bu sahədəki rolundan danışıb.

Avropa ilə Asiya arasında tranzitin inkişafında, malların və nəqliyyat vasitələrinin qısa vaxt ərzində, az məsrəflə daşınmasında Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin xüsusi rola malik olduğunu bildirən Cavad Qasımov ölkəmizin gömrük orqanlarının bu istiqamətdə atdığı addımlardan bəhs edib. Komitə sədrinin müavini gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər barədə də qonaqlara ətraflı məlumat verib, iki ölkənin gömrük orqanları arasında məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin tranzitin inkişafına müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Çin Xalq Respublikasının İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin infrastruktur inkişafı Departamentinin direktor müavini Ma Tsyan iki ölkə arasındakı mövcud dostluq münasibətlərindən, "Bir kəmər, bir yol" təşəbbüsünün əhəmiyyətindən, Prezident İlham Əliyevin bu ilin aprel ayında ÇXR-na səfərindən məmnunluqla bəhs edib.

Ma Tsyan ölkəmizə səfərinin əsas məqsədinin Asiya ilə Avropa arasındakı nəqliyyat dəhlizinin mövcud vəziyyətini, potensialını və bu dəhlizin inkişafı üçün hansı tədbirlərin həyata keçirilməsinin vacibliyini öyrənmək olduğunu bildirib. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ilə bağlı təəssüratlarını bölüşən qonaq Azərbaycanın Asiya ilə Avropa arasındakı nəqliyyat dəhlizi üzərində ən mühüm ölkə olduğunu vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün səylərini gücləndirəcəklərini qeyd edib.

Görüşdə eyni zamanda gələcək əməkdaşlıq, işçi qruplar arasındakı əlaqələrin daha da gücləndirilməsi və digər məsələlər də müzakirə olunub.
Xəbəri paylaş