Newscenter.az.22.06.2019. İyunun 22-dək kümçülər tərəfindən 617,32 ton yaş barama tədarük olunub.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən bildirilib ki, bu, ötən ilin yekun göstəricisindən 103 ton artıqdır. Bu il ən çox yaş barama Zərdab (65,31 ton), Ağcabədi (53,46 ton) Zaqatala (52,69 ton), Füzuli (49,6 ton), Şəki (44,34 ton), Balakən (44,14 ton), Bərdə (36,44 ton), Qax (27,06 ton), Kürdəmir (22,61 ton) kümçüləri tərəfindən tədarük olunub. Respublikanın 38 rayonunda barama tədarükü davam edir.
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.
Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.
Orxan