Newscenter.az.24.06.2019. “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində XV Avropa Gənclər Olimpiya Festivalına hazırlıq məqsədilə interaktiv təlimlər keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Newscenter.az-a daxil olan məlumata görə, Milli Olimpiya Komitəsində keçirilən təlimlərdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”na cəlb olunmuş ümumi təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak edir.
Təlimlərdə ümumilikdə 49 ümumi təhsil məktəbi üzrə 400 nəfərə yaxın şagird və 100 nəfərə yaxın müəllimin iştirakı nəzərdə tutulub.
Təlimlər zamanı şagirdlərə olimpiya dəyərləri və ideyaları, könüllülük hərəkatı, proqrama daxil olan Avropa ölkələrinin tarixi, milli-mənəvi dəyərləri barədə geniş məlumatlar verilir, təqdimatlar nümayiş olunur. Həmçinin şagird və müəllimlərin xarici dil biliklərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılır. Eyni zamanda sessiya müddətində şagirdlərin iştirakı ilə müxtəlif intellektual oyunlar keçirilir.
Qeyd edək ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Avropa Olimpiya Komitəsinin maliyyə dəstəyi, həmçinin Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir. Proqram çərçivəsində XV Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi 2019-cu ilin 20-28 iyul tarixlərini əhatə edəcək. “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarətdir.
R.Mehdiyeva