Newscenter.az.9.07.2019. Dövlət Miqrasiya Xidmətində Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun iclası keçirilib. İclasda AR Dövlət Miqrasiya Xidmətinin rəisi, Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü üzrə AR hökumətinin məsul nümayəndəsi Vüsal Hüseynov, AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin nümayəndəsi, dövlət orqanlarının təmsilçiləri, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, həmçinin QHT nümayəndələri iştirak ediblər.
İclasda Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması, bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsi, ictimai müzakirələrin, dinləmələrin, ictimai konsultasiyaların keçirilməsi və təkliflərin toplanması barədə fikir mübadiləsi aparılıb.
İclas zamanı V.Hüseynov bildirdi ki, Milli Fəaliyyət Planının (MFP) icarsına nəzarəti həyata keçirən və əlaqələndirən AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın indiyədək olan Milli Fəaliyyət Planlarının QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində hazırlanmasında geniş təcrübəsi var. Əvvəlki MFP-ları vətəndaş cəmiyyətinin iştirakı ilə hazırlanıb və verilən təkliflərin əksəriyyəti nəzərə alınıb. Yeni MFP-nin hazırlanmasında Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) standartları nəzərə alınacaq.
Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirdi ki, Platforma, vətəndaş cəmiyyəti MFP-nin hazırlanmasında fəal iştirak etməyə hazırdır. Artq ilk addımlar atılıb, Platformanın təşəbbüsü ilə VCT nümayəndələrindən ibarət yaradılan İşçi Qrup OGP tövsiyyələrinə uyğun olaraq MFP-nin hazırlanması üzrə “Yol xərtiəsi” hazırlayıb. Hətta irəli gedərək MFP-nin strukturu, istiqamətləri üzrə təklifləri AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına təqdim edib.
Ə.Nuriyev qeyd edib ki, bu iclasda dövlət orqanlarının iştirakı ilə MFP-nin hazırlanması və geniş iştirakçılığın təmin edilməsi məsələləri ilkin müzakirə olunacaq. Növbəti iclaslara arzu edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edəcək. Artıq bununla bağlı Platformanın saytında məlumat verilib, həmçinin sosial şəbəkə hesablarından məlumat yayılıb.
AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin əməkdaşı Nurlan Həsənov məlumat verdi ki, 2018-ci il ərzində yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı 3 iclas keçirilmiş və dövlət qurumları tərəfindən çoxsaylı təkliflər təqdim edilmişdir. Bu təkliflərlə bağlı növbəti iclaslarda müzakirələr aparılacaq. Komissiya əvvəlki MFP-dan olan təcrübəni təhlil edir və digər ölkələrin Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində hazırladıqları MFP-nı və təcrübələrini öyrənir. Komissiya öz tərəfindən geniş iştirakçılığı və məlumatlandırmanı təmin etməyə hazırdır.
Müzakirələr zamanı Ə.Nuriyev, OGP eksperti Samir Əliyev, Multimeda Mərkəzinin rəhbəri Osman Gündüz, dövlət orqanlarının nümayəndələrinin təklifləri dinlənilib.
2019-cu il iyul-avqust aylarında yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı hər həftənin cümə günü saat 3-də Azərbaycan Respublikasının Miqrasiya Xidmətində iclasların keçirilməsi nəzərdə tutulur. Hər bir iclasın gündəliyi və nəticələri ilə bağlı məlumatlar www.ogp.org.az internet səhifəsində və sosial şəbəkələrdə yerləşdiriləcəkdir. Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri bu prosesdə aktiv iştirak etməyə dəvət edir.