Newscenter.az.9.07.2019. Bəzi kütləvi informasiya vasitələrində dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş vermis hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən Newscenter.az-a bildiriulib ki, həmin məlumatlarda qeyd olunur ki, guya hadisə yerində yanğın baş verib, sərnişinlər arasında ajiotaj yaranıb.
Bildirilib ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir. Qeyd olunub ki, 8 iyul 2019-cu ildə saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən, elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyanqəbuledicisi zədələnmiş, kontakt naqilində qopmalar baş verib.
Təcili olaraq bərpa işlərinə başlanılıb, elektrovozun cərəyanqəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra, qatar 9 iyun gecə saat 02:10-da təyinatı üzrə yola salınıb.
“Azərbaycan Dəmir Yolları” QSC olaraq bildiririk ki, hadisə nəticəsində heç bir yanğın baş verməyib, xəsarət alan olamayıb, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara yol verilməyib.
Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb. Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir.