Newscenter.az.9.07.2019. Xəbər verdiyimiz kimi, tanınmış din xadimi, "Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdül jurnalistlərə avtomobil hədiyyə etməyi planlaşdırır. Din xadimi mediaya açıqlamasında bildirib ki, avtomobillər tövbə etməyin daha çox təbliğatını aparan jurnalistlərə təqdim olunacaq.
Moderator.az əməkdaşı bir sıra məsələləri konkretləşdirmək üçün "Tövbə" rəhbərinə müraciət edib.
-Hacı, belə başa düşürük ki, tövbə ilə bağlı hansısa ictimai-dini mövzuda müsabiqə keçiriləcək və qaliblər mükafatlandırılacaq. Mövzunun konkret adı necə olacaq?
-Mövzu ondan ibarətdir ki, cəmiyyətdə qanqallar niyə çoxalır. "Qanqallar" dedikdə narkomanlar nəzərdə tutulur. Yəni söhbət narkotik asılılığından tövbədən, bir sözlə narkomaniyaya qarşı mübarizədən gedir. Bu mövzudakı yazılarda "ağ ölüm"ə qarşı mübarizə ilə bağlı İslam dini, Qurani-Kərim nöqteyi-nəzəri ilə yanaşı, müasir elmi, tibbi, pedaqoji baxışlardan da istifadə olunması məsləhətdir..
-Axı, dünənədək "Tövbə"nin əsas işi oğurluğa, alkoqolizmə, narkotikə düçar olanlara şallaqlanmaqla tövbə etdirmək olub. Necə oldu ki, belə bir maarifləndirici üsula əl atdınız?
-Bilirsiz, insanın digər günah və haramlardan, o cümlədən oğurluqdan, hətta alkoqoldan çəkinməsi, tövbə etməsi o qədər də çətin deyil. Ancaq biz 30 ildən çox olan təcrübəmizdə də gördük ki, yalnız adi təbliğatla, şallaqlanmaqla narkomanları bu bəladan çəkindirmək, tövbə etdirmək həddindən artıq çətin problemdir. Bununla cəmiyyətdə narkomaniya bəlasını azaltmaq mümkün deyil. Odur ki, maarifləndirmədən, medianın, jurnalistlərin gücündən də istifadə etmək qərarına gəldik...
-Bu, bilavasitə öz təşəbbüsünüzdür, yoxsa?..
-Bəli, məhz "Tövbə" Cəmiyyəti sədri kimi öz təşəbbüsümdür. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bu, indiyədək nəinki Azərbaycanda, heç bir digər müsəlman ölkəsində də irəli sürülməmiş qeyri-adi bir təşəbbüs və layihədir. Inşallah, hələ belə işlərimizin davamı olacaq...
-Bəs qalib jurnalistlərə veriləcək mükafat fondunu, yəni avtomobillərin alınmasını maliyyələşdirmək üçün vəsaiti necə əldə edəcəksiz? "Tövbə" Cəmiyyətinin buna yetərli maliyyəsi varmı?
-Xeyr, təəssüf ki, "Tövbə"nin bu qədər vəsaiti yoxdur. Buna görə də qərara almışıq ki, bank hesabı açılsın və xalqın, xeyriyyəçi insanların gücü sayəsində mükafat fondunu formalaşdıraq. Artıq bu təşəbbüsümüzü bildikdən sonra bir sıra xeyriyyəçilər və şirkət rəhbərləri belə xeyirxah iş üçün mümkün qədər vəsait köçürəcəklərini vəd ediblər...
-Qalibləri müəyyənləşdirmək üçün münsiflər heyəti necə formalaşdırılacaq?
-Müsabiqə mövzusunun konkretləşdirilməsi, münsiflər heyətinin formalaşdırılması işi Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, hörmətli akademik Vasim Məmmədəliyevə həvalə edilib. Ancaq tərəfsizlik olsun deyə, "Tövbə"dən heç kəs münsiflər heyətinə qatılmayacaq. Yəni, tamamilə neytral, obyektiv mütəxəssislər olacaq həmin heyətdə...
-Hacı, müsabiqənin yekunu nə vaxta planlaşdırılıb?
-Müsabiqənin bu günlərdə konkret mövzusu, vaxtı elan ediləcək. Bundan sonra bəndənizin telekanallardan birində çıxışım nəzərdə tutulub. Müsabiqə elan olunduğu gündən 2020-ci ilin Həmrəylik günü ərəfəsinədək davam edəcək. Və həmin gün qaliblər müəyyən edilərək mükafatlandırılacaq...
-Təxminən neçə jurnalistə hədiyyə verilməsi nəzərdə tutulub?
-Bizim planlarımıza görə, mövzunu ən yüksək səviyyədə işıqlandırmış, azı, 10-15jurnalistə avtomobil hədiyyə ediləcək. Özü də milli istehsalımız olan "Xəzər avtomobilləri...
-Uğurlar diləyirik.
P.S. Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan "Xəzər" Avtomobil Zavodunun istehsalı olan "Xəzər" SD avtomobillərinin qiyməti 16 min manat, "Xəzər" LD avtomobillərinin qiyməti isə 18 min manatdır...