Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat layihələri Avropa məkanı üçün böyük önəmə malikdir



Newscenter.az.10.07.2019. “Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan-Avropa İttifaqı müansibətlərinin davamlı inkişafının göstəricisidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Sona Əliyeva səsləndirib. O, qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığın inkişafına böyük əhəmiyyət verir, bu qurumla əlaqələrimiz çoxşaxəlidir və müxtəlif istiqamətləri əhatə edir:

“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan Avropa İttifaqı məkanında əsas enerji təchizatçılarından biridir və ölkəmizin etibarlı rolu daim yüksək qiymətləndirilir. Azərbaycan dünyada böyük enerji ehtiyatları, şaxələndirilmiş ixrac potensialı olan olan ölkə kimi tanınır. Həmçinin, Aİ-yə üzv ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycanın iştirakı əhəmiyyətli hesab olunur. Bunlarla yanaşı, bildiyimiz kimi, Azərbaycan mühüm coğrafi mövqeyə malikdir və Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat layihələri Avropa məkanı üçün böyük önəmə malikdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Asiya ilə Avropa arasında bir körpü rolunu oynayacaq ki, burada da Azərbaycanın töfhələri böyükdür. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Öz növbəsində, Aİ Şurasının Prezidenti Donald Tusk Azərbaycanı unikal ölkə adlandırıb. Qarşılıqlı əlaqələrə toxunan cənab Tusk deyib ki, Avropa İttifaqı ilə Azərbaycan hər il bir birinə yaxınlaşır. O həmçinin, Azərbaycanın nəqliyyat və logistika qovşağına çevrilməsini yüksək dəyərləndirib və Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Prezidentimiz cənab İlham Əliyev münaqişənin həlli ilə bağlı dövlətimizin prinsipial mövqeyini bir daha bəyan etdi. Donald Tusk isə bildirdi ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və münaqişə beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalıdır”.

Millət vəkili deyib ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli əlaqələrin inkişafına böyük maraq göstərir və bu istiqamətdə də ciddi nailiyyətlərin qazanıldığı şübhəsizdir:

“Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bildiyimiz kimi, hazırda ölkəmizlə qurum arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar aparılır və hesab edirəm ki, bu danışıqların uğurla nəticələnməsi və yeni sazişin imzalanması Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərdə yeni mərhələnin əsasını qoyacaq. Əlbəttə ki, mühüm geostrateji mövqeyi, regionun lider dövləti olması etibarilə, həmçinin, enerji təhlükəsizliyinə vacib töfhələri, geniş iqtisadi potensialı, demokratiya yolunda atdığı qətiyyətli addımları və əldə etdiyi nailiyyətləri baxımından Azərbaycanla əlaqələrin inkişafı Avropa İttifaqı üçün də mühüm əhəmiyyət kəsb edir və quruma rəhbərlik edən şəxslərin Azərbaycanın əhəmiyyəti ilə bağlı çoxsaylı bəyanatları da bunu bir daha təsdiq edir, Aİ Şurasının Prezidenti Donald Tuskun ölkəmizə səfəri çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanış olması ölkəmizin inkişafına və milli-tarixi dəyərlərimizə olan diqqətin göstəricisidir”.
Xəbəri paylaş