Newscenter.az.10.07.2019. Azərbaycan xalqı tarix boyu çox dahilər yetişdirib. Tarixdə hər birinin öz yeri olan dahi şəxsiyyətlərimizin misilsiz xidmətləri fəxr və qürur istinadgahımızdır. Onların xidmətləri tarixə hopub və həmişə, hər yerdə qiymətləndirilir. Lakin milli dühalarımızın heç biri Ümummilli lider səviyyəsinə çata bilməmişdir. Bu ucalıq yalnız bir nəfərə - Heydər Əliyevə məxsusdur. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.
Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə xalqımızın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixin də məhz onun adı və şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri gördü. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan İttifaq tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Onun rəhbərliyi ilə XX əsrin 70-ci illərindən elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, Azərbaycanın tamamilə yeni tarixinin əsasının qoyulması labüd idi. Həqiqətən də, sovet dönəmində xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı və bu potensial müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi.
Sovet illərində olduğu kimi, müstəqillik dövründə də Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini Azərbaycanda intibahın başlanğıcı kimi səciyyələndirmək olar. Təsadüfi deyil ki, 1993-cü il də Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsi qarşısında qalanda, qardaş qanı axıdılanda, xalq öz böyük oğluna üz tutdu. 1993-cü il müstəqilliyimizin son dərəcə kövrək olduğu həmin dövr yaxşı yadımızdadır. Bir tərəfdən ölkədə cərəyan edən hakimiyyət çəkişmələri və bunun nəticəsi olaraq separatizm dalğasının genişlənməsi, cinayətkarlığın baş alıb getməsi, anarxiya, digər tərəfdən isə Ermənistanın hərbi təcavüzü az qala o illərdə müstəqilliyimizin əldən getməsinə və Azərbaycan dövlətçiliyinin süqut etməsinə gətirib çıxaracaqdı. Hakimiyyətdə olduqları qısa müddət ərzində nəinki heç bir problemi həll etməyən, üstəlik, əziyyətini xalqımızın uzun müddət çəkəcəyi ağır fəsadlar törədən AXC-Müsavat liderləri 1993-cü ilin yayı ərəfəsində tamamilə nüfuzdan düşmüş və xalqın böyük əksəriyyəti onlardan üz döndərmişdi.
Bütün bunlara rəğmən, AXC-Müsavat liderləri özlərinə əsas təhlükə, ən qorxulu rəqib xalqın içərisində böyük nüfuzu olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevi hesab edir və onu necə aradan qaldırmaq barədə düşünürdülər. Baxmayaraq ki, böyük siyasətçi onların hakimiyyətinə nəinki müxalifət mövqeyində dayanmamışdı, əksinə, ən çətin məqamlarda dəfələrlə onlara kömək əlini də uzatmışdı. Elə 1993- cü ilin iyun ayında dərinləşən hakimiyyət böhranı zamanı da iqtidar Heydər Əliyevə üz tutdu. Lakin Heydər Əliyev Naxçıvandan Bakıya xalqın səsinə səs verib gəldi. Çünki yaranmış vəziyyətdən çıxış arayan xalq nicat yolunu yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü; ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız o böyük insan aradan qaldıra bilərdi. Heydər Əliyevin özü bu barədə deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Ölkəni ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə bütün Azərbaycan xalqı qəlbən inanırdı.
Heydər Əliyev də çox gözəl bilirdi ki, belə bir vəziyyətdə məsuliyyəti boynuna götürməsə, onsuz da kövrək olan müstəqillik əldən veriləcək, dövlətçilik məhv olacaq. Ulu öndərin böyüklüyü həm də onda idi ki, hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatları, qarayaxma kampaniyasını bir kənara qoyub köməyə tələsdi.
Ümumiyyətlə, 1993-cü ilin iyun ayında ölkədə hər hansı dövlət vəzifəsinin məsuliyyətini öz üzərinə götürmək böyük risk, qətiyyət və hünər tələb edirdi. Gəlin o dövrün reallıqlarını yada salaq. Gəncədə qiyam başlamışdı. Ə.Hümbətov Füzuli bölgəsindən böyük hərbi hissəni geri çəkərək Lənkərana aparmışdı. Bir tərəfdən sadvalçılar fəallaşaraq siyasi tələblər irəli sürürdülər. Heç bir zərurət olmadan o dövrdə yaşadığım Balakən rayonuna 7 tank və piyadaların döyüş maşınları gətirilmişdi. Cəbhə bölgəsindən cinayətkar qruplar müxtəlif silahlar gətirib yerli əhali arasında satırdılar. Demək olar ki, respublikanın hər bir rayonunda, kəndində silahlı dəstələr çoxsaylı cinayət hadisələri törədir, hər gün qətllər, zorakılıq, qarətçilik hadisələri baş verirdi. Ziyalı, ağsaqqal sözü eşidilmirdi. Xalqın mərkəzi hakimiyyətə və gələcəyinə inamı itmişdi. Yadımda qalan bir hadisəni xatırlamaq yerinə düşərdi. Həmin ərəfədə bir gün rayon prokuroru ilə görüşdən sonra yaxın münasibətdə olduğum prokurorluğun müstəntiqinin otağına girəndə maddi sübutlarla dolu çoxlu kisənin yığıldığının şahidi oldum. Təsəvvür edin, cəmi bir ay ərzində bir rayonda 18 qətl hadisəsi baş vermişdi. Budur hakimiyyətsizliyin, səriştəsiz, təsadüfi insanların hakimiyyətinin nəticəsi. Ön cəbhə isə siyasi çəkişmələr ucbatından ermənilərin üzünə açıq qalmışdı. Erməni işğalçıları üçün əlverişli şərait yaranmışdı. Müasir dövrdə bu acı taleni yaşayan başqa bir sivil dövlət göstərmək qeyri-mümkündür. Ən əsası isə odur ki, ölkəni düşdüyü belə böhranlı vəziyyətdən hər siyasətçi xilas edə bilmir. Yalnız Heydər Əliyev kimi dahilər belə vəziyyətlərdə öz xilaskarlıq missiyalarını layiqincə yerinə yetirə bilirlər.
Beləliklə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xüsusi təyyarə ilə Bakıya gəldi. Dövlətçiliyimizin taleyinin həll olunduğu belə bir məqamda dahi öndərin gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Bakıya gəldikdən sonra parlamentə Sədr seçilmək barədə xahişləri qəbul etməyən Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü. Gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi, öz ağsaqqal sözünü dedi. Ulu öndər həyatını təhlükəyə atsa da, missiyasını şərəflə yerinə yetirdi. Sonradan bu səfər zamanı onun fiziki məhvi barədə cəhdlərin olması faktları aşkarlandı. Hərçənd ki, qorxulu səfərə yola düşərkən ona qarşı qəsdlərin olacağını Heydər Əliyev yaxşı bilirdi. Lakin xalqın güclü məhəbbətinin qarşısında cinayətkarlar aciz idilər. Tarix göstərir ki, Heydər Əliyevin Gəncəyə səfəri ölkədə yaranmış vətəndaş qarşıdurmasının qarşısını aldı.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin məhz Ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi. Beləliklə, Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi və 6 gün sonra Ali Sovetin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. Çünki bununla ilk növbədə Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən və parçalanmaqdan qurtuldu. Heydər Əliyev şəxsiyyətinin miqyası, nəhəngliyi və əzəməti tarixin onun öhdəsinə buraxdığı tale yüklü məsələnin həllini həyata keçirmək qüdrətini nümayiş etdirdi və Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ona qismət oldu.
Onu da xatırlamağa ehtiyac var ki, Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi müəyyən siyasi dairələri qane etmirdi. Ona görə 1993-cü ilin iyun ayında Gəncə hadisələrindən sonra respublikamız birdən birə həm xaricdən, həm də daxildən zərbələrə məruz qaldı. Belə ki, ön cəbhədəki bəzi ordu hissələrinin siyasi oyunlara qatılmasından, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni hərbi birləşmələri yeni hücum əməliyyatına başladılar. Belə bir vəziyyətdə ölkənin o vaxtkı Prezidenti qəflətən Bakını tərk etdi və ölkənin cənubunda qondarma talış-muğan respublikası elan edildi. Yaranmış vəziyyətdə yeganə ümid yeri yenə də Heydər Əliyev idi. 1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev bu dəfə də xalqın müdrikliyinə arxalanaraq, ölkənin parçalanmasına imkan vermədən qətiyyətli və düzgün qərarları ilə Azəbaycan xalqını bu bəladan xilas etdi. 1993-cü il oktyabrın 3-də isə xalq onu bəlalardan qurtaran xilaskarını görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi.
Azərbaycan dövlətçiliyi sonrakı illərdə də ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, sabaha inamını özünə qaytardı. Ölkəmiz xaosdan xilas oldu, sabitlik və əmin-amanlıq yarandı, tənəzzülə son qoyuldu, hər bir sahədə inkişaf meyilləri görünməyə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi adlamasına əsaslı təminat yaratdı. Ulu öndərimizin təbirincə desək: “Biz bütün çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq”.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə nail olduğumuz Milli Qurtuluşdan başlanan yüksəliş qısa zamanda bütün sahələrdə özünü göstərdi. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edib. Çünki Azərbaycanın işıqlı gələcəyinin təməli qoyulduğu 15 İyun haqlı olaraq qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi ən müasir tariximizə qızıl hərflərlə yazılıb. Milli Qurtuluş Gününü qədir bilən xalqımız hər zaman əziz və qiymətli tutur, hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. Bu müqəddəs günü tarixə yazan isə Ümummilli lider Heydər Əliyevdir. Bu gün respublikamız müstəqil dövlət olaraq mətinliklə irəliləyir, inkişaf edir, güclənir. Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Bunun nəticəsidir ki, qazandığı uğurlarla Azərbaycan regionda aparıcı, dünyada isə söz sahibi olan dövlətə çevrilib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 16 ilə yaxın dövr ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə kompleks inkişaf edib, beynəlxalq nüfuzu artıb, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib. Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib.
Ən əsası odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət hər addımda Azərbaycanın dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirib, əbədi, sarsılmaz və dönməz edib.
Nəsib Məhəməliyev, millət vəkili
Milli Məclis jurnalı may-iyun 2019