Newscenter.az.5.09.2019. Bir vaxtlar insanlar haqqında yazı yazmaq, xoş sözləri qələmə almaq dəbdə idi. İndi belə hallara az rast gəlinir. Bəlkə də artıq haqqında yazı yazılacaq adamlar da qalmadı.
Bir az sərt səslənir, amma “ətəyində namaz qılınacaq” adamlar doğurdan da qeybə çəkildi. Ya da biz bu adamların çoxunu ev, təqaüd, mükafat davalarında gördüyümüzdən onların apardıqları şəxsi davalarını həzm edə bilmədik. Özəlliklə bu məsələdə şairlər, yazarlar daha çox qınağa gəlir; çünki bu xalq ən ağır günündə belə xilas yolunu öz şairindən gözləyib. Ölümünə gedən “afətlər” belə acılarını şair vəsfi ilə xəfiflətmək istəyib.
Vaxt var idi Qarabağa bir güllə atılanda xalq ziyalısını, şairini, yazarını səsləyirdi. Yəqin, indi xalq bu “səhvini” bir daha təkrarlamaz. İndi kimsə haqqında yazmaq olmur, ya da boğazdan yuxarı yazılır.
Oqtay Rza bir başqaydı amma...
Son on il ərzində Oqtay Rzanı çox tez-tez görürdüm. Hətta hər çərşənbə günü “Müqəddəs Bayıl günü”ndən çıxanda onu evə mən aparırdım. Bu proses bir neçə il idi davam edirdi. İlk başda onun maşında harada oturmağını müəyyənləşdirmişdik. Hər şeyə o qədər nəzakətli, mülayim yanaşmaları olardı ki! Sanki maşının hansı oturacağını müəyyənləşdirirmiş kimi soruşmuşdu ki, Mirzə, hansı qapıdan minsəm, maşını incitmərik? Mən bu məsələyə elə ilk gündən nöqtə qoymuşdum: “Bu maşında siz yalnız müdir yerində oturacaqsınız, həm də qapını yalnız mən açandan sonra”.
Bu ərkim onun çox xoşuna gəlmişdi. Hər dəfə getmək lazım olanda arxa sağ qapının önündə məni gözləyirdi. Bir dəfə qolundan tutub maşına oturtmaq istəyəndə, buna icazə vermədi. “Maşına özüm minə bilməyəndə daha buralara gəlməyəcəm”, - dedi. Təbii ki, mən nəzakət xətrinə bunu edirdim, amma 85 yaşlı insana bu kömək kimi görünə bilirdi.
Özünü heç vaxt taqətdən düşmüş, nəfəsi sozalmış kimi göstərmək istəmirdi. Odur ki, hər kəs onun ölümünə inana bilmirdi, o bütün davranışları ilə bizə inandırmışdı ki, yüz yaşı keçəcək.
Onu tanıyanlar, nazik qəlbini sezənlər hiss etmiş olarlar; Oqtay Rza danışan iki adamın söhbətlərinə çox usdufca müdaxilə edərdi. Çox müşahidə etmişəm ki, maşında musiqi çalınanda sanki mənim musiqini dinləmək istədiyimi hiss edər və susardı.
Bir gün dedi: “Sənin bu musiqilərin çox gözəldir, amma nə əcəb səndə Damlanın mahnıları yoxdu?”
“Tanımıram”, - dedim.
Son bir ildə demək olar ki, hər dəfə yol gedəndə soruşurdu: “Mirzə, Damlaya qulaq asdınmı?” Mənim də “yezidliyim” tutmuşdu. Heç vaxt Damlanı nə dinlədim, nə də ona maşında dinlətdim...
...İndi dinləyirəm amma...
Oqtay Rzanın dəfninin Salyanda olması içimi sərnidirdi. Nəyə görəsə elə bilirəm ki, insan uşaqlığına aid olduğu yerdə dəfn edilməlidir. İnsanın yaddaşı, rahatlığı, əbədi gedəcəyi yer öz ana torpağı olmalıdır. Bəlkə buna görəydi ki, şairin dəfn olunacağı yer müzakirə olunanda “Məncə, Salyan daha yaxşı olar” deyirdim. Çünki onun ürəyinin ən məhrəm yerində doğulduğu torpaq, onun insanları dururdu. Bu üzdən idi ki, bir ayağı elə Salyanda olurdu. Adam adama deyir, “yerin Salyandır”. Bu sözü bəlkə məcazi mənada deyiblər, amma həqiqətən indi şairin yeri Salyandır...
Oqtay Rzanın məzarı başında onun keçmiş bir tələbəsi şairin həm də geoloq olduğunu nəzərə alıb, şairi büllura bənzətdi. Məncə də bənzətmə çox yerinə düşürdü. Onun büllur kimi qəlbi, saf ürəyi, hər şeyi gözəl görən gözləri tərtəmiz büllurdan da təmiz idi.
Hardasa oxumuşam, insan həyatı boyu öz ölümünü qazanır, ölüm şəklini də onun əməllərinə görə Tanrı seçir. Oqtay Rzanın ölüm xəbərinə ilk “yüyürənlər”dən olduğumdan ölümü də məni heyrətləndirmişdi. İnsan bu qədər də gözəl ölə bilərmi? Divanda oturub, pəncərədən göyə baxır. Adətən onun rübai demək şəkliydi bu. Gözlərini öncə uzaq məchula tuşlar, sağ əl barmağını göyə qaldırıb, şeirinə başlardı.
Şairlik Oqtay müəllim üçün bir obraz idi, şeir deyəndə özünü böyük bir auditoriya qarşısındakı kimi hiss edər, şair olduğunun məsuliyyətini daşıyardı. El arasında bu cür ölümlərə “quş kimi uçub getdi” deyirlər. Bu sözün anlamını tam olaraq bilməsəm də, inanıram ki, bu, ruhun bədəndən ayrılmasındakı rahatlığı anladır, ruhun azad ola bilmə şəklini təsvir edir.
Bunu yaradan nədir bəs? Ruhun təmizliyi, gözəlliyi.
Oqtay Rzanın ruhu gözəl idi; kin yox, nifrət yox, zülm yox. Həyatı kimi, yaşayışı kimi. Oqtay Rzaya ən çox ona görə hörmət edirdim ki, o, bütün ömrünü eyni qaydada, eyni dəyərlərlə yaşadı. Ömrün bir fəslinə gələndən sonra keçmişdə etdiklərindən imtina edib, yeni bir kişiliklə ortaya çıxmadı. Qəlbində yaxşılıq gəzdirənlərin isə yolu həmişə açıq olar. Həzrəti Mövlanə deyir ki, sənin dünyaya baxdığın pəncərə kirlidirsə, gördüyün hər şey çamur görünəcək. Oqtay Rzanın dünyaya baxdığı pəncərə onun saf qəlbi, təmiz ürəyi idi. Odur ki, hər kəsi, hər şeyi gözəl görürdü. Onun dünyaya baxdığı pəncərə tər-təmiz idi, büllur idi. Eynən son nəfəsini verəndə baxdığı pəncərə kimi...
İlqar İlkin, "Birlik" jurnalının baş redaktoru