Newscenter.az.19.09.2019. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş toplantı keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, əməkdaşları və rayon (şəhər) baytarlıq idarələrinin rəhbərləri iştirak ediblər.
Newscenter.az xəbər verir ki, baytarlıq sahəsində görülmüş işlər, qarşıda duran hədəflər barədə ətraflı məlumat verən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev Nazirlik tərəfindən fermerlərə daim dəstək göstərildiyini bildirib. Ölkədə epizootik sabitliyin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran B.Rzayev qeyd edib ki, kənd təsərrüfatının intensiv inkişafı, Aqrar Xidmətlər Agentliyi ilə fermer təsərrüfatların əlaqələrinin genişləndirilməsi, yerlərdə baytarlıq mütəxəssislərinin bilik və bacarıqlarının artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması günün tələbidir.
Aqrar Xidmətlər Agentliyinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə daim fermerlərin yanında olmaqla bu sahədə təbliğat-təşviqat işlərində dönüş yaratmağın əhəmiyyətindən danışan məruzəçi xüsusi təhlükəli xəstəliklərə qarşı istifadə edilən vaksinlərin “soyuq zəncir” prinsipi əsasında heyvanların baş sayına uyğun tətbiq edilməsinin, sənədləşmənin vaxtında və düzgün tərtib olunmasının vacibliyini qeyd edib: “Yerlərdə fermerlərlə tez-tez görüşlər keçirilməli, əhali arasında görülən işlərin təbliğat-təşviqatı aparılmalı, fermerlərin qarşılaşdığı problemlər yerində araşdırılmalı və lazımi tədbirlər görülməlidir”.
Tədbirdə, həmçinin Aqrar Xidmətlər Agentliyinin müvafiq şöbələrinin və rayon baytarlıq idarələri rəhbərlərinin məruzələri dinlənilib.
Tədbirin sonunda Bayandur Rzayev rayon (şəhər) baytarlıq idarələrinin günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrini, mütamadi olaraq heyvan sahibləri ilə sıx əlaqədə fəaliyyət göstərmələrini, eləcə də qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə etmələrini tövsiyə edib və respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində görüləcək tədbirlər barədə müvafiq tapşırıqlar verib.
Orxan