Newscenter.az.19.09.2019. Ümumi təhsil müəssisələrində Milli Musiqi Günü ilə bağlı tədbirlər keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Azərbaycan musiqisinin tarixi, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını daha da artırmaqdan ibarətdir.
Milli Musiqi Gününə həsr olunmuş tədbirlər musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirlərdə milli mədəniyyətə daim böyük diqqət ayıran ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1995-ci ildən Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin ad gününün ölkədə Milli Musiqi Günü kimi qeyd edildiyi söylənilib. Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğu, milli musiqimizi dünya səviyyəsinə yüksəltdiyi bir daha diqqətə çatdırılıb.
Həmçinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub, bəstəkarın əsərlərindən ibarət musiqi parçaları dinlənilib.
Eyni zamanda tədbirlərdə məktəblilər rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
R.Mehdiyeva