Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan İKAO prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib



Newscenter.az.2.10.2019
. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti Kanadanın Monreal şəhərində keçirilmiş “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın imzalanması və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) yaranmasının 75 illiyinə həsr edilmiş Dünya Forumunda və İKAO Assambleyasının 40-cı sessiyasında iştirak edib.

Newscenter.az xəbər verir ki, Assambleyaya İKAO-ya üzv olan 193 dövlətdən 184-ü və 70 beynəlxalq təşkilat qatılıb.

Forumda və sessiyanın gedişində uçuşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tətbiq olunan innovasiyalar müzakirə olunub, müxtəlif komitələrdə aviasiya sahəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni sənədlər qəbul edilib.

Beynəlxalq standartlara uyğunluq faizini bütün dövlətlərdə daha da yüksəltmək məqsədilə Azərbaycan adından assambleyaya təqdim olunan “WP-88” – İşçi sənəd” sessiyanın İcra Komitəsinin iclasında yekdilliklə qəbul edilib.

Azərbaycan uçuşların təhlükəsizliyinə nəzarətin təmin edilməsi sahəsində əldə olunmuş irəliləyişə və beynəlxalq standartların effektiv tətbiqində qazanılmış yüksək nailiyyətlərə görə Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib. Bu şəhadətnamə 2018-ci ilin nəticələrinə əsasən yalnız 16 dövlətə, assambleyanın sessiyası zamanı, üzv dövlətlərin və beynəlxalq təşkilatın yüksək nümayəndə heyətlərinin iştirakı ilə keçirilən açılış mərasimində təqdim olunub.

Sessiya zamanı İKAO-nun prezidenti və baş katibi ilə görüşlərdə onlara və təşkilatın muzeyinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən təşkilatın 75 illiyi münasibətilə buraxılmış marka və milli hədiyyələr təqdim edilib.

Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan İKAO bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və nizamlı inkişafına yardım məqsədilə 1944-cü ildə təsis edilib. Təşkilat uçuşların, aviasiya təhlükəsizliyinin, səmərəliliyin, buraxılış qabiliyyətinin və ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün zəruri olan standartları və qaydaları müəyyən edir.
Azərbaycan Respublikası 1992-ci ildən İKAO-nun üzvüdür.

Anar
Xəbəri paylaş