Newscenter.az.4.10.2019. Üzümçülük və şərabçılığın inkişaf etdirilməsində elmi araşdırmalar və laboratoriyaların fəaliyyəti ən mühüm amillərdən sayılır. Məhz buna görə də dünyanın bir çox ölkəsində elmi-tədqiqat insitutları və laboratoriyalar fəaliyyət göstərir.
Bu gün Bordoda Şərabçılıq və Üzümçülük Elmi-Tədqiqat İnstitutunda olduq. Burada 260-a yaxın professor və tədqiqatçının çalışması, müxtəlif laboratoriyaların fəaliyyət göstərməsi də elmi əsaslarla kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsinin nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. Məhz elmi araşdırmalar nəticəsində daha yüksək məhsuldar, keyfiyyətli, biotik və abiotik stres amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni süfrə, kişmişi və texniki üzüm sortları yaradılır. Elmi araşdırmaların sayəsində üzümçülük-şərabçılıq müəssisələrinin məruz qaldığı müxtəlif növ risklər, təhlükələrin minimuma endirilməsi və neytrallaşdırılması istiqamətində üsullar müəyyənləşdirilir. Bu isə daha məhsuldar üzüm sortlarının becərilməsi və üzüm-şərab istehsalı ilə məşğul olan müəssisələrdə effektli istehsalın təşkilinə imkan verir.
Bu mənada gözə görünməyən, amma kənd təsərrüfatında inkişafının özəyi olan elmi-tədqiqat institutları, elmi araşdırma mərkəzləri və laboratoriyaları aqrar sahənin bünövrəsi adlandırmaq olar.
Çünki, son nəticədə ləzzətlə daddığımız üzüm sortları və şərabın ərsəyə gəlməsində aqrar sahədə çalışanlarla yanaşı, geniş ictimaiyyətin tanımadığı elmi işçilərin, laboratoriyada çalışanların gərgin əməyi dayanır.
Anar Hüseynov, Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin direktoru