Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"ASAN xidmət" və "ASAN Kommunal" Mərkəzlərində "Azərsu" ASC-nin xidmələri ilə bağlı 86 minədək müraciət qeydə alınıb



Newscenter.az.5.10.2019. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərini asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. Əvvəlki dövrlərdə olduğu kimi 2019-cu ilin 9 ayında bu mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı çoxsaylı müraciətlər daxil olub.

Newscenter.az-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 85735 müraciət edilib. Daxil olmuş müraciətlərin 41928-i “ASAN xidmət”, 43807-i isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Vətəndaşlar xidmət bölmələrinə daha çox abonent məlumatlarına dəyişikliklərin edilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, texniki şərtin verilməsi, borc haqqında məlumatın və borcun olmaması haqqında arayışın verilməsi ilə bağlı müraciət ediblər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 277 min müraciət daxil olub.

Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.

Xosrov
Xəbəri paylaş