Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda Paşinyana sürprizlər hazırlanır



Newscenter.az.7.10.2019. "Ermənistanın eks-prezidenti Serj Sarkisyan işğal olunmuş Azərbaycan ərazisinə gələrək Xankəndində qondarma rejim nümayəndələri ilə görüşüb. Xüsusilə burada gələn il keçiriləcək qondarma "prezident " seçkilərində özlərinin namizədi Vitali Balasanyanla görüşməsi əsasən "Qarabağ klanın"ın burada yenidən güclənməsi deməkdir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çııxış edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, qondarma rejimin keçmiş "təhlükəsizlik katibi" olan V. Balasanyan baş nazir Nikol Paşinyana qarşıdır, fürsət düşdükcə iki şəxs biri-birilərinə həqarət edirlər:

"V.Balasanyan hətta Paşinyanı Ermənistan üçün təhlükəli şəxs adlandırıb. V. Balasanyan Azərbaycana qarşı müharibədə səhra komandiri olub. Məhz Paşinyan bunlardan çəkinərək, bu gün işğal olunmuş ərazilərlə bağlı sərt mövqe tutub. Ancaq bütün halda Qarabağ klanının siyasi səhnədən silinməsi mütləqdir. Qeyd edim ki, Yerevan klanı Balasanyanın burada qondarma rejimin rəhbərliyinə gəlməsinə qəti qarşıdır. Göründüyü kimi Serj Sarkisyanın V. Balasanyanla görüşməsi və şəxsinə məsləhətlər verməsi, bir çox mətləblərdən xəbər verir".

Politoloq qeyd edib ki, baş nazir N.Paşinyan daxildə "Qarabağ klanı" və S. Sarkisyanla bacara bilmir:

"Ona qarşı hücum etməməklə, hətta tərəflər arasında bir razılaşmanın olduğu istisna edilmir. Putinin Ermənistana səfəri və Paşinyanla danışıqlar aparmaması, Koçaryanın xanımı ilə görüşü Qarabağ klanına mesaj idi. Məhz bundan sonra S.Sarkisyan Xankəndinə gələrək mütləq şəkildə burada rəhbərliyin Paşinyana verilməyəcəyi mövzusunda V. Balasanyanla və ətrafı ilə danışıqlar aparıb, razılığa gəlib. Hazırda Ermənistanda Paşinyana surprizlər hazırlanır. Koçaryanın həbsdə qalması, Putinin açıq Qarabağ klanını dəstəkləməsi, S.Sarkisyan və separatçıların hərəkətə keçməsini şərtləndirir. Əgər, baş verəcək proseslər fonunda Paşinyan Qarabağda erməniləri ayağa qaldırarsa, burada da Qarabağ klanı devriləcək. Hələ ki proses açıq qarşıdruma mərhələsinə keçmir".

Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda daxili siyasi vəziyyət böhrana yuvarlansa, Azərbaycan mütləq şəkildə işğalçıya zərbələr endirməlidir:

"Çünki, separatçılar Paşinyanı pat vəziyyətinə qoymaq üçün cəbhədə provakasiyaya əl atacaqlar".

Xosrov
Xəbəri paylaş