Newscenter.az.9.10.2019. Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə Niderlandlı ekspert Hilde van der Wal Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələrinə “Fermer təsərrüfatı və tədqiqat metodları” mövzusunda seminar keçib. Seminarda ADAU-nun ingilis dilli qruplarından - “Aqrar iqtisadiyyat”, “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, “Baytarlıq təbabəti və zoomühəndislik”, “Aqromühəndislik” ixtisasları üzrə təhsil alan tələbələr iştrak edib.
Newscenter.az xəbər verir ki, seminarda ADAU-nun Tədris işləri üzrə prorektoru Anar Hətəmov, Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdir müavini Nəzrin Bağırova da iştirak edib.
Ekspert Hilde van der Wal tələbələrə Niderlandda heyvanların yetişdirilməsinin yeni texnologiyaları, heyvandarlığın ətraf mühitə təsiri, aqrar sahədə qanunvericilik bazası barədə məlumat verib. Eyni zamanda, xarici ekspert torpaqların konsolidasiya qaydaları və onların tənzimlənməsi, kənd təsərrüfatında suya və ətraf mühitə qənaət məqsədi ilə innovativ texnologiyaların tətbiqi məsələsinə toxunub. Mütəxəssis yeni tədqiqat metodları ilə bağlı təqdimat edib, Afrika ölkələrində apardığı tədqiqatları tələbələrin diqqətinə çatdırıb.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
Orxan