Newscenter.az.16.10.2019. "Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir".
Newscenter.az xəbər verir ki, bu fikirlər Prezidentin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı İlham Əliyev tərəfindən səsləndirilib. Prezident İlham Əliyev bildirib ki, gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər:
"Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var. Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır".
Prezident bildirib ki, vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər:
"Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir".