Newscenter.az.16.10.2019. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri Goranboy rayonunda yerləşən Sarov kəndində 34 nəfər icma üzvünün (17 qadın və 17 kişi) iştirakı ilə yerli icmanın məlumatlandırılması üçün görüş keçirib. Newscenter.az-a daxil olan məlumata görə, görüş iştirakçılarına ilk növbədə BMqT haqda, onun ümumi missiyası və təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verilib.
BMqT-nin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi barədə danışıblar. Görüşdə təmir olunacaq kəhrizlərin işlək halda qalmasında layihə benefisiarlarının rolunun yüksək əhəmiyyəti vurğulanıb. İcma üzvlərinə layihənin mərhələləri (kəşfiyyat-qazma, su nümunələrinin təhlili, texniki qiymətləndirmə, kəhrizin bərpası, suyun paylanması və s.) barədə də məlumat verilib.
İcma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün Su İstifadəçi Komitələrinə 9 üzv seçildi. Görüşün sonunda icma üzvlərinin onları maraqlandıran suallara cavab almaq imkanı olub.
Qeyd edək ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.
Aydan