Əlisahib Hüseynov: "Əli Kərimli, harda yazılıb ki, 28 May metrosunun qarşısı mitinq yeri ola bilər, ancaq Lökbatan isə mitinq yeri ola bilməz?"
Newscenter.az.16.10.2019. Bakı Şəhər İcra Hakmiyyəti Milli Şuranın 19 oktyabra təyin etdiyi mitinqlə bağlı razılıq verib. BŞİH-dan verilən məlumata görə, müraciətə baxılıb və və mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi" İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib. Lakin Milli Şuranın Koordinasiya şurasının üzvü, AXCP sədri Əli Kərimli sosial şəbəkə paylaşımında bildirib ki, onlar mitinqi "28 May" metrosunun qarşısında keçirəcəklər. Yəni ki, icazəsiz-flansız. Bu isə açıq-aşkar kütləvi itaətsizliyə çağırış cəhdidir. Kütləvi itaətsizliyə, iğtişaşlara təhrik cəhdləri isə birmənalı surətdə konstitusiya müddəalarının pozulması deməkdir.
Əli Kərimli isə öz statusunda iddia edir ki, "rejim növbəti dəfə Konstitusiyanı pozdu". Üstəlik də, iddia edir ki, Lökbatan mitinq yeri ola bilməz... Xeyir ola? Harda yazılıb ki, 28 May metrosunun qarşısı mitinq yeri ola bilər, ancaq Lökbatan isə mitinq yeri ola bilməz? Əli Kərimli, bəyəm sən yerölçənsən? Mitinqlərin xəritəsini təyin etmək, marşrutunu cızmaq səlahiyyətini sənə kim verib? Birdəki, mitinq keçirmək haqqınızın sizin konsitutsion haqqınız olduğunu hesab edirsinizsə, axı oktyabrın 19-u saat 15.00-da 28 May metrostansiyası istiqamətində hərəkət edən adi insanların metrodan rahat şəkildə istifadə etmək hüququ da onların konstitutsion hüququdur.
Sizsə həmin gün həmin ərazidə mitinq keçirmək cəhdlərinizlə yüzlərlə, bəlkə də minlərlə insanların hərəkət hüququnu pozmuş olacaqsınız. Bəs bu barədə necə, heç olmasa zərrə qədər də olsa düşündünüzmü? Məgər sizə başqa yerlər qəhətdir? İlla da ki, 28 May metrostansiyasının qarşısında və yaxud bu səpkidə olan digər kütləvi məkanlarda mitinq keçirmək təşəbbüsünüzdə qəsdiniz nədir? Kütləviliyi təmin etmək, yoxsa qarşıdurma yaratmaq? Nə üçün bu qədər radikallığa, barışmazlığa can atırsınız? Niyə heç cürə kompromisə getmək istəmirsiniz? Hakimiyyəti qəsdən razılaşdırılmamış aksiya iştirakçılarına qarşı sərt davranmağa təhrik etməklə nəyə nail olmaq istəyirsiniz ki? Yaxşı olar ki, sosial şəbəkələrdə mitinq ajiotajı yaratmaqdansa, biraz da bu suallar ətrafında düşünəsiniz.
Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri