Newscenter.az.18.10.2019. Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov oktyabrın 18-də Qazax rayonunda vətəndaşları qəbul edib. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Qazax RİH-nin başçısı Rəcəb Babaşov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Qazax rayon Gənclər mərkəzində keçirilən qəbulda Qazax və Ağstafa rayonlarından olan 30-a yaxın vətəndaşın müraciət və şikayətlərinə baxılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Tovuz rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və Tovuz RİH-nin başçısı Məmməd Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Tovuz rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Tovuz rayonundan olan 10-dan artıq vətəndaşın müraciətinə baxılıb.
Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Anar