Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bakı Metropoliteni" Rusiyadan yeni vaqonların alınmasına dair müqavilə imzalayıb



Newscenter.az.21.10.2019. "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC ilə imzalanmış müqavilə barədə məlumat yayıb.

Newscenter.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, müqaviləyə əsasən, il ərzində Rusiya şirkəti Bakı metrosu üçün, ümumilikdə, 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək: "Beləliklə, 3 il ərzində zavodda metropoliten üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq. Bununla "Bakı Metropoliteni"ndə istismar müddətini başa vuran vaqonlar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək.

İstehsal olunacaq 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq.

Qeyd edək ki, “Metrovaqonmaş” vaqon təchizatı sahəsində Bakı metropoliteninin uzunmüddətli tərəfdaşıdır. Müəssisə 1967-ci ildən Bakı metropolitenini vaqonlarla təmin edir və hazırda vaqon parkı 305 vaqondan ibarətdir.

"Metrovaqonmaş" 2015-ci ildən Bakı metropolitenini yalnız sonuncu nəsil vaqonları ilə təchiz edir. Həmin il 81-760.B/761.B/763.B tipli 15 vaqon, 2018-ci ildə isə 81-765/766 tipli 10 vaqon alınmışdı. Cari il Rusiyadan gətirilmiş vaqonların sayı əvvəlki üç ildən daha çox olub. 2019-cu ildə alınmış 30 vaqonla metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

Yeni tipli qatarlarda vaqondan-vaqona birbaşa keçid var. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daxil olub-çıxmasını, eləcə də qatar boyunca bərabər paylanmasını təmin edir.

Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemləri, habelə Bakı metropoliteninin texniki şərtləri əsasında yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, o cümlədən kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunub. Sərnişinlərin elektron qurğuları doldurması üçün USB portlar, baş vaqonlarda əlil arabaları və əl yükü üçün yerlərinin quraşdırılması da nəzərdə tutulub.

Bütün bunlarla yanaşı, Bakı metropoliteni üçün istehsal olunacaq vaqonlarda qarşıdakı müddətdə "Transmaşholdinq" şirkətinin vaqon istehsalı ilə bağlı həyata keçirəcəyi yeniliklər də xüsusi nəzərə alınacaq".

Qeyd edək ki, müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıb.

Anar
Xəbəri paylaş