Newscenter.az.21.10.2019. Son zamanlar “Aztelekom” MMC və ümumilikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə informasiya texnologiyalarının inkişafı istiqamətində aparılan layihələrə qarşı bir sıra mətbuat orqanlarında və sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yayılır. Newscenter.az xəbər verir ki, “Aztelekom” MMC respublikamızın milli operatoru olaraq respublika ictimaiyyətini həyata keçirilən layihələr barədə məlumatlandırmağı zəruri hesab edir.
“Aztelekom”un hazırda həyata keçirdiyi layihələrin məqsədi ölkənin telefonlaşdırılmayan, o cümlədən internet xidmətlərinin verilməsi imkanlarının hələ də mövcud olmadığı ərazilərdə şəbəkənin qurulması, əsas magistralların və paylayıcı şəbəkənin yenidən qurulması, köhnəlmiş mis kabel xətlərinin yeni fiber-optik xətlərlə, köhnəlmiş rabitə avadanlıqlarının dünya standartlarına cavab verən yeni avadanlıqlarla əvəzlənməsidir. Məqsəd relyefinə görə rabitə xətlərinin çəkilməsi çətinlik törədən və ya böyük sərmayə tələb edən ərazilərdə son nəsil simsiz rabitə texnologiyasının qurulması və bütün bunların nəticəsində əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin etməkdir. Bu layihələr Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş istiqamətlərdən irəli gəlir.
“Aztelekom” xidmətlərdə olan problemləri aradan qaldırmaq, onları yüksək standartlara uyğunlaşdırmaq üçün paylayıcı şəbəkəni yeniləyir, müasir avadanlıqlar quraşdırır. Bu məqsədlə artıq Gəncə və Sumqayıt şəhərlərində, habelə Abşeron və Masallı rayonlarında işlər başlanıb və uğurla davam etdirilir. Əlavə olaraq bildirək ki, hazırda köhnə şəbəkənin yenilənməsi nəticəsində NGN (Next Generation Networks) avadanlıqları (yeni nəsil avadanlıqlar) quraşdırılır ki, bu da çəkilən xərclərə qənaət etmək imkanı yaradır. Eyni zamanda əvvəlkindən bir neçə dəfə sürətli və keyfiyyətli internet, o cümlədən dayanıqlı rabitə və digər yeni xidmətləri vermək imkanı yaradır.
Hazırda “Aztelekom” tərəfindən aparılan işlər nəticəsində yenilənəcək şəbəkə vasitəsilə əhalinin tələblərini qarşılamaq mümkün olacaq. Qeyd olunan ərazilərdə bu işlər bitdikdən sonra abunəçilər keyfiyyətli rabitə və internet xidmətləri ilə yanaşı, yeni xidmətlərlə də təmin olunacaqlar.
Anar