Newscenter.az.28.10.2019. Biləcəri Yuyucu- Buxarlayıcı stansiyasında yenicə istifadəyə verilən Təlim - Tədris Mərkəzində seminar keçirilib.
Newscenter.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, infrastruktur Departamenti və Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən seminarda yol stansiyalarının hərəkətlə əlaqədar işçilərinin bilik və bacarıqlarının artırılması, yeni texnologiyaların işə tətbiqinə peşəkar münasibətin formalaşdırılması və ən başlıcası, hərəkətin təhlükəsizliyinin tələb olunan səviyyədə təmin edilməsi gündəliyin əsas mövzusu olub.
Dəmir yolu nəqliyyatının mövcud texniki təlimatlarının tələblərinə əsaslanan seminara Biləcəri, Keşlə, Xırdalan və Abşeron stansiyalarının müxtəlif peşələri əhatə edən 80 nəfərdən ibarət əməkdaşı cəlb olunub. Tədbirdə əsasən qatar dispetçerləri və tərtibatçıları, stansiya və post növbətçiləri iştirak ediblər. Dəmiryolçulara “Azərbaycan Dəmir Yolları” QSC-nin peşəkar təlimçiləri müxtəlif videoçarxlar vasitəsilə ən çətin vəziyyətlərdə davranış qaydaları, yüklərin təhlükəsiz şəkildə mənzil başına çatdırılması, yeni və müasir texnologiyalardan düzgün istifadənin vacibliyi aşılanıb.
Tədbirin sonunda mütəxəssislər hərəkətçiləri maraqlandıran suallara cavab veriblər. Onu da xatırladaq ki, təlim proseslərinin dəmir yolunun bütün sahələrini əhatə etməsi, gələcəkdə belə seminarların bölgələrdə də təşkili nəzərdə tutulub.
Anar